İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə sığortaçılar arasında görüş keçirilib.
Mərkəzi Bankdan sığorta bazarı ilə bağlı - YENİ AÇIQLAMA
ASA-dan FED.az-a verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçən və Azərbaycan Mərkəzi Bankı (AMB), Aqrar Sığorta Fondu (ASA) və sığorta şirkətlərinin rəhbərliklərinin iştirak etdikləri görüşdə sığorta sektorunun mövcud vəziyyəti, perspektivlər və yerli sığorta bazarındakı problemlərin həlli istiqamətləri geniş müzakirə olunub.
İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov sektorun əhatəli inkişafının təmin olunmasında AMB-nin və ASA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, dövrün başlıca tələbi olaraq sığorta bazarı üzrə proseslərin bütünlüklə elektronlaşması sektorun müasir inkişaf istiqamətlərinin formalaşdırılmasına təkan verə bilər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxışında sektorun mövcud vəziyyəti, inkişaf dinamikası, sığorta bazarını maraqlandıran məsələlər barədə danışaraq görülmüş işlər haqqında məlumat verib. İcraçı direktor sığorta sektorunun iqtisadiyyatda rolunun artırılması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələrdən də söz açıb.
AMB-nin Baş direktoru Ziya Əliyev Şura üzvlərinə nəzarətedici orqan tərəfindən sektorun inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən təkmilləşdirmə işləri haqqında geniş məlumat verib. Diqqətə çatdırıb ki, sektordakı mövcud boşluqların doldurulması və sığorta bazarındakı fəaliyyətin stimullaşdırılması ilə bağlı addımlar uğurla davam etdirilir.
Daha sonra İctimai Şuranın üzvləri ilə sığortaçılar arasında sığorta sektorunun hazırki vəziyyəti və mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə avto-icbari sığortada tətbiq olunan təkmilləşdirmə işləri, həyatın yaşam sığortasının üstünlükləri, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi, sahibkarlara yönəlik yeni sığorta məhsullarının labüdlüyü, sığorta sektorunun ÜDM-dəki payının artırılması və ayrı-ayrı sığorta növləri üzrə penetrasiyanın yüksəldilməsi imkanları ilə bağlı məsələlər əsas müzakirə mövzuları olub.