1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb.
FED.az məlumat verir ki, Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.
Eləcə də bax: İcbari tibbi sığorta ilə bağlı - 10 ƏSAS SUALA CAVAB
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.
Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.
Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).