Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti cari ilin yanvar ayı üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 4,595 mln. manat təşkil edib. Bu isə 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 1,025 mln. manat və ya 28,7% çoxdur.
Yığımlardakı artımla yanaşı şirkətin sığorta ödənişlərində də ciddi artım müşahidə olunub. Belə ki, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 2,507 mln. manat həcmində sığorta ödənişi verilmişdir ki, bu da son bir illə müqayisədə 0,735 mln. manat və 41,5% çox olub.
Onu qeyd edək ki, “Xalq Sığorta” müştərilərə sığorta ödənişlərini qanunvericiliyin tələbinə uyğun formada həyata keçirdiyi üçün bazarda yüksək imicə malikdir. Sığorta ödənişlərinin gecikdirilməsi ilə bağlı şirkətdən hər hansı bir şikayət qeydə alınmır.
Xatırladaq ki, 2005-ci ildən fəaliyətə başlayan "Xalq Sığorta" ASC universal sığorta şirkəti olaraq fəaliyyətini uğurla davam etdirir. Şirkət strateji daxili siyasəti sayəsində sığorta bazarındakı yüksək mövqeyini əminliklə qoruyaraq, hər il müştərilərinin sayını artırır.
“Xalq Sığorta” şirkəti Maliyyə Nazirliyinin 000333 saylı lisenziyasına əsasında müştərilərə 20-dən artıq könüllü və 3 icbari sığorta növününü təklif edir.
Hazırda “Xalq Sığorta” ASC 58 750 500 manat nizamnamə kapitalına sahib olmaqla Azərbaycan sığorta bazarının ən iri və dayanıqlı sığorta şirkətlərindəndir.
Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət ölkənin bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edir. Tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirilməsi Şirkətin Azərbaycan sığorta bazarında etibarlığını və imicini daha da artırmışdır. Bu isə yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq əlaqələrinin daha uzunmüddətli və güvənli olmasınna gətirib çıxarıb.