“Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır”.
FED.az xəbər verir ki, bunu 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezideneti İlham Əliyev bildirib.
Prezident, “Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir” deyərək sözlərinə belə davam edib.
“Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir”.
Müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildidirb:
“Cənab Prezident, Siz sığorta haqqında dediniz, bu, olduqca mühümdür. Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutur. Burada, xüsusilə də əmlakın sığortalanması məsələsi önəmli rol oynayır. Siz çox düzgün prioritetlər müəyyənləşdirdiniz - maarifləndirmə, marketinq, əhali ilə iş. Hesab edirəm ki, hökumətlə birlikdə həm də yerli icra hakimiyyəti orqanları da bu işə fəal qoşulmalıdırlar. Çünki rayon yerlərində, kənd yerlərində hadisələr baş verir. Hesab edirəm ki, biz bu işi çox ciddi təşkil etməliyik. Bütövlükdə burada görülməli işlər həddindən artıq çoxdur”.