İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqı tutulması məsələsinə münasibət bildirib.
FED.az xəbər verir ki, Agentlikdən bildirilib ki, rəsmi əmək müqaviləsinə əsasən işləyən şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməlidirlər. Yəni rəsmi əmək müqaviləsinə əsasən işləyən Vətən müharibəsi iştirakçılarından da icbari tibbi sığorta haqqı tutulur.
Həmçinin əlavə edilib ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. (Apa)