Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, görüşün məqsədi məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta məsələləri ilə bağlı cəmiyyətə, o cümlədən vergiödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması, izahat işlərinin düzgün istiqamətdə qurulması üçün vergiödəyicilərinin və kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi iqtisadçı ekspertlərin mövzu barədə ərtaflı məlumatlandırılması, onların sual və təkliflərinin dinlənilməsindən ibarət olub.
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta məsələləri ilə bağlı vergiödəyicilərinin rastlaşdığı əsas çətinliklər, onların həlli yolları müzakirə edilib.
Qeyd olunub ki, bu il yanvarın 1-dən sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edildikdən sonra Vergilər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərdən ibarət işçi qrupu bu sahədə olan bir çox texniki, təşkilati və iqtisadi məsələləri həll ediblər. Ötən dövr ərzində 200 mindən çox vergiödəyicisinin uçot-məlumat bazasında qanunvericiliyə müvafiq dəyişikliklər edilib, bəyannamələrin elektron formada qəbulu təmin olunub və rəqəmsal inzibatçılıqla bağlı xeyli təkmilləşdirmələr həyata keçirilib. Ortaya çıxan bir sıra texniki xarakterli çətinliklər tədricən həll olunub və bu proses davam etməkdədir.
Görüşdə sosial yığımların təqdim olunması zamanı yaranan çətinliklər, uçot-qeydiyyat məsələləri, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə hesabatların təkmilləşdirilməsi, vergi və sosial uçot bazasının əlaqələndirilməsi, bank hesablarına sərəncamların qoyulması və onların geri çağrılması mexanizminin təkmilləşdirilməsi və sair aktual məsələlər geniş müzakirə olunub.
Tədbirdə ekspertlərin sualları cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirlib, həmçinin səsləndirilən təkliflər qeydə alınıb.