Azərbaycanda daha bir sığorta şirkəti fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, «Amrah Sığorta» şirkətinin rəhbərliyi şirkətin fəaliyyətinin dayandırılması və könüllü ləğv edilməsi barədə qərər qəbul edib. Bu barədə qərar «Amrahsığorta»nın Səhmdarlarnın Ümumi yığıncağının bu gün, oktyabrın 16-da keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, şirkət bununla bağlı müvafiq qurumlara, o cümlədən sığorta bazarının tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankına və Dövlət Vergi Xidmətinə müraciət ünvanlamağa hazırlaşır. Bundan başqa, FED.az-ın əldə etdiyi məlumata görə, «Amrah Sığorta» hazırda qüvvədə olan sığorta müqavilələrnin dayandırılacağnı da qərara alıb.
Xatırladaq ki, bir qədər əvvəl Mərkəzi Bankın qərarı ilə «Amrah Sığorta»ya «qohum» bank olan «Amrah Bank»ın lisenziyası ləğv edilib. Belə ki, sığorta şirkətinin səhmlərinin müvafiq olaraq 85%-nə və 15%-nə nəzarət edən Yunis və Əmrah İldırımzadələr Bankda 53,2% və 0,3% paya malik idilər.
Bununla yanaşı, «Amrah Sığorta» İdarə Heyətinin bu qərarı təkcə sözügedən şirkətin deyil, həm də sığorta bazarının digər iştirakçısının - «Kasko Butik»in də fəaliyyətinə təsir edəcək, hətta onun fəaliyyətinin dayanması ilə nəticələnə bilər.
Məsələ ondadır ki, hazırda bazarda kasko sığorta xidmətləri göstərən «Kasko Butik» şirkətinin özü sığorta deyil, broker şirkətidir. Kasko sığorta xidməti göstərmək üçün ona tərəfdaş sığorta şirkəti tələb olunur. Hazırda «Kasko butik»in yeganə tərəfdaşı «Amrah Sığorta»dır. «Amrah Sığorta»nın fəaliyyətini dayandırması nəticəsində isə «Kasko Butik» tərəfdaşsız qala və onun müştərilərə sığorta xidməti göstərməsində problem yarana bilər.
Xatırladaq ki, “Zaman Broker” şirkətinin yaratdığı “Kasko Butik” elektron sığorta platforması 2017-ci ildə fəaliyyətə başlayıb. Layihə yeni başlayanda 6 sığorta tərəfdaşı vardı, bunlar: “AtaSığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “A-Qrup” “Günay Sığorta” və “Qala Sığorta” idi. Sonradan “Atəşgah Sığorta”, “A-Qrup” və“Günay Sığorta” layihəni tərk etmişdilər. 2019-cu ilin noyabrında isə “AzSığorta, “Qala Sığorta” və “AtaSığorta” da layihəni tərk etmiş, onların əvəzində «Kasko Butik» «Amrah Sığorta» ilə əməkdaşlığa başlamışdı. «Amrah Sığorta»nın son qərarı isə «Kasko Butik»i tərəfdaşsız qoyur.