Azərbaycanda daha bir sığorta şirkəti fəaliyyətini dayandırır.
FED.az-ın şirkətdən əldə etdiyi məlumata görə, artıq şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olunub və müsbət cavablandırılıb.
FED.az-ın əldə etdiyi digər məlumata görə, son günlər “Günay Sığorta” şirkətində çalışan əməkdaşların kütləvi ixtisarı başlanıb, onlarla əmək müqavilələri dayandırılır.
Şirkət kütləvi şəkildə əməkdaşlarla olan əmək müqaviləsinə xitam verir. Buna səbəb “Günay Sığorta” şirkətinin fəaliyyətinin dayandırılması və ya şirkətin satışa çıxarılması ilə bağlıdır.
Qeyd edək ki, “Günay Bank”ın lisenziyasının ləğv edilməsi eyni zamanda onun səhmdarı olduğu şirkətlərdə, o cümlədən "Günay Sığorta" şirkətində kapital çatışmazlığı riski yaradır. Bu isə həmin şirkətlərin fəaliyyətinin davam etdirilməsini sual altına sala bilər.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,48 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri), 21,62 %-i isə "Günay Bank"a məxsusdur.