“AzSığorta” 2018-ci ilin 1-ci rübünü iri mənfəətlə bitirib. Şirkətdən FED.az-a verilən məlumata görə, cari ilin ilk rübündə şirkətin xalis mənfəəti 3 milyon 26 min 850 manat təşkil edib.
2018-ci ilin 1-ci rübündə “AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 9 407 196 manat təşkil edib, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 162 min 460 manat çoxdur.
Bu ilin ilk rübündə “Azsığorta” ASC-nin xərcləri isə azalıb. Belə ki, 2017-ci ilin 1-ci rübündə bu göstərici 9 milyon 875 min 648 manat olduğu halda, bu ilin 1-ci rübündə 5 milyon 623 min 634 manat olmuşdur. Xərclərin 2 milyon 537 min 680 manatı əsas əməliyyat xərclərinin, 3 milyon 73 min 587 manatı işlərin aparılmasına, 12 min 366 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 3 milyon 783 min 562 manat, xalis mənfəət isə 3 milyon 26 min 850 manat təşkil etmişdir.
“Bu ilin ilk rübündə xalis mənfəətimiz 3 milyona yaxın oldu. Bu isə onu göstərdi ki, biz düzgün yol seçmişik. Keçən il qəbul etdiyimiz yeni biznes strategiya artıq öz bəhrəsini verməyə başlayıb. Maliyyə göstəricilərində ilk müsbət tendensiyalar nəzərə çarpacaq dərəcədə hiss olunur. Qəbul etdiyimiz cəsarətli qərarlar şirkətin böhran zamanı nə dərəcədə dayanıqlı olduğunu göstərdi. Hazırda qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün növbəti işləri davam etdiririk” - deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.
Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.