“Sizi sığorta şirkətindən narahat edirik. Avtomobilinizi ən ucuz bizdə sığortalatdırın”.
FED.az xəbər verir ki, bu sözlər avtomobil sahiblərinin az qala gün ərzində bir neçə dəfə aldığı telefon zəngində eşitdiyi sözlərdir. Vay o gündən ki, avtomobilinizlə qəzaya düşəsiniz, yaxud sizin olmadığınız şəraitdə avtomobiliniz diqər nəqliyyat vasitəsi tərəfindən xəsarət görsün. Sığorta vaxtı yağışdan sonrakı göbələk kimi çıxan sığorta şirkətləri “yağlı əppək” olub yoxa çəkilirlər.
Elə bu günlərdə polis əməkdaşı olan vətəndaş Əlimanov Samir İsrafil oğlunun başına gələn hadisədəki kimi. S.Əlimanov bildirir ki, aprelin 9-da adi günlərdə olduğu kimi, 99XX579 nömrəli BMW markalı şəxsi avtomobililə işə gedib. Öz avtomobilini Naftalan İstirahət Mərkəzinin həyətində saxlayan S.Əlimanov xidməti avtomobillə işə başlayıb. İşdə olduğu müddətdə həmkarı Fərhad Rzayev Rafiq oğlu tərəfindən ona zəng gəlib və təsadüf nəticəsində avtomobilinə xəsarət yetirdiyini, hadisə yerinə öz avtomobilini (10 SO 111 nömrəli) sığortalatdırdığı “Standart Sığorta” şirkətini çağırdığını deyib. Qeyd edək S.Əlimanov hadisə yerinə çatana qədər sığorta şirkəti orada olub. Hadisəni qiymətləndirib, zərəri müəyyən edəcəklərini bildiriblər. “Standart Sığorta” araşdırma aparıb və zərərin 700 manat olduğunu təsdiqləyib. S.Əlimanov avtomobilinə dəyən ziyanın 1000 manat olmasına baxmayaraq, şirkətin müəyyən etdiyi məbləğə razılaşıb. İş icra olunma ərəfəsində “Standart Sığorta” verdiyi qərarı dəyişərək, qəzanı qeyri-real zəmində baş verən hadisə kimi qiymətləndirib və məbləği ödəməkdən imtina edib.
Eləcə də bax: İcbari sığortadan ödəniş almağın - ASAN QAYDASI
Zərərçəkən hadisənin videogörüntüləri olduğu halda, qeyri-real kimi qiymətləndirilməsinin doğru olmadığını bildirsə də, şirkət bununla razılaşmayıb.
“Standart Sığorta” şirkətinin PR meneceri Aysel İsmayılova ilə əlaqə saxlayıb, məsələ barədə məlumatlandırdıqda, gün ərzində bizə açıqlama verəcəyini bildirsə də, 4 gündür zənglərimizə cavab vermir...
Ekspertlər bildirir ki, qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur. Belə ki, təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək, vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtomobilini deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir. Məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasib təsiri bağışlayır. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir – hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur.
İcbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilib. Amma görünən odur ki, qadağaya riayət etməyənlər varmış...