2020-ci il iyulun 5-də «Sobsan» boya fabrikində baş verən yanğın nəticəsində şirkətə dəyən zərərə görə sığorta ödənişi ediləcək.
Bu barədə FED.az-a açıqlamasında «Sobsan» boya fabrikinin direktoru Orxan Allahverdiyev bildirib.
Xatırladaq ki, yanğın 7-ci mikrorayon ərazisində yerləşən «Sobsan» boya fabrikinə məxsus sexdə baş verib və şirkətin açıqlamasına görə müəssisəyə 20 milyon manat zərər dəyib.
Amma hadisəyə görə sığorta ödənişi 20 milyon manatdan xeyli az olacaq. Orxan Allahverdiyev ödənişin məbləğini açıqlamasa da bildirib ki, sığorta şirkətinin ödənişi dəyən zərərin yarısından da az olacaq.
Bunun səbəbi obyektin tam deyil, qismən sığortalanmasıdır. O.Allahverdiyev bildirib ki, sığorta tarifləri yüksək olduğundan obyekti tam məbləğə, hətta yarım qiymətə də sığortalamaq baha başa gəlib.
Nəticədə sığorta ödənişi də ödənişə uyğun olaraq daha az təşkil edəcək.
Qeyd edək ki, «Sobsan» boya fabrikinin əmlakını «Azsığorta» şirkəti sığortalamışdı.