“Meqa Həyat Sığorta” ASC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya prosesini yekunlaşdırıb.
Artıq fərdi sahibkarlar da SİMA imzadan - İSTİFADƏ EDƏCƏKLƏR
FED.az xəbər verir ki, indi vətəndaşlar sığorta şirkətinin https://my.megalife.az/ portalında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsi ilə Həyatın Yaşam Sığortası məhsulu üzrə müraciət edərkən “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketini” (FATCA/CRS) SİMA vasitəsilə rahat və çevik şəkildə imzalaya biləcəklər.
SİMA ilə inteqrasiyadan öncə vətəndaşlar anketi kağız daşıyıcıda əllə doldururdular. İndi “Meqa Həyat” sığorta şirkəti vətəndaşlara təqdim etdiyi bu xidməti SİMA yeni nəsil rəqəmsal imza ilə tam elektronlaşdırıb. Sənədin SİMA vasitəsilə imzalanması həm sığorta şirkətinin, həm də vətəndaşların vaxtına və xərclərinə qənaət etməsinə xidmət edəcək.
Təqdim etdiyi xidmətlərin əlaçatanlığını daha da artırmaq məqsədi ilə “Meqa Həyat Sığorta” ASC SİMA ilə digər sığorta məhsulları üzrə inteqrasiya prosesini də davam etdirir. Növbəti mərhələdə “Kredit həyat sığortası” məhsulu üzrə müraciətlərin SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur.
“Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.