“Standard İnsurance” sığorta şirkətindən bir şikayət bitməmiş, digəri başlayır.
Belə ki, bu il 25 iyul saat 23:45 də “Vaz 2107” markalı 10–LL-224 nömrə nişanlı avtomobil, “Mercedes” markalı 99–EV-084 dövlət qeydiyyat nişanlı maşınla toqquşub.
Hadisə yerinə “Mercedes” markalı avtomobilin icbari sığorta şirkətinin nümayəndəsi gəlsə də, qarşı tərəf “Standard İnsurance”-da sığortalı olmasına baxmayaraq, adıçəkilən şirkətin nümayəndələrini çağırmayıb.
FED.az xəbər verir ki, bunu Abc.az-a “Mercedes” markalı avtomobilin sürücüsü Könül Mirzəyeva bildirib.
O, qeyd edib ki, qəzanın günahkarı müəyyən edildikdən sonra “Vaz 2107” markalı maşının sığortaçısı olan “Standard İnsurance” şirkətinə məlumatlar təqdim olunub.
Budan sonra isə “Standard İnsurance”-ın nümayəndələri müxtəlif bəhanələrlə avtomobilin vaxtında qiymətləndirməsini aparmayıb və sadəcə şifahi olaraq vətəndaşa fərqli məbləğlər təklif edib.
Zərərçəkənlə xüsusilə özlərini qiymətləndirici kimi təqdim edən Ramiz və Teymur adlı şəxslər danışıb, lakin bir nəticəyə gəlinməyib.
Bir müddət sonra sözügedən şirkət K. Mirzəyevaya yeni müstəqil ekspert seçməyi təklif edib. “Mercedes” markalı avtomobilin sürücüsünün səlahiyyətli nümayəndəsi sığorta eksperti İlkin İbrahimovun razılığı ilə qiymətləndirici müəyyənləşib.
Seçilən yeni qiymətləndirici avtomobilə 4600 manat məbləğində zərər aktı təqdim etsə də “Standard İnsurance” şirkətinin Teymur və Ramiz adlı işçiləri zərərçəkmişə həmin pulu verməyəcəklərini bildiriblər. Bununla kifayətlənməyən adıçəkilən şirkət nümayəndələri zərərçəkmişi təhqir edərək hara istəyirsə şikayət edə biləcəyini deyiblər. Zərərçəkmiş K. Mirzəyeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək sığorta şirkətinə polis çağırıb.
Hadisə yerinə gələn polislər müştəri xidməti şöbəsinin əməkdaşlarının xahişi ilə məkanı tərk etsələr də, şirkət zərərçəkmişin vəsaitini hələ də ödəməkdən boyun qaçırır.