Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikasını açıqlayıb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında sistemdə əlavə olaraq 171 min 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min 374 nəfər və ya 9,17 faiz çoxdur.
Beləliklə, Bu ilin noyabr ayının 1-dən etibarən sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 207 min 777 nəfər və ya 6,23 faiz artaraq 3 milyon 544 min 689 nəfərə çatıb.
Qeyd edək ki, fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, sığortaolunanlar haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Hər bir işləyən şəxs sistemdə öz fərdi şəxsi hesabını açdırmaqla, həmin hesabda öz pensiya kapitalını toplamaq imkanı əldə edir. Bununla da o, gələcəkdə əmək pensiyası, digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur.