Məlumdur ki, sığorta maliyyə sisteminin əsas həlqələrindən biridir və ölkənin Ümumi Daxili Məhsulunda onun xüsusi çəkisi dinamik olaraq artmaqdadır. Bir bu faktı qeyd edək ki, cəmi bir neçə il bundan öncə sığorta haqlarının ÜDM-də xüsusi çəkisi 0,2-0,3 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 0,9 faizə yüksəlmişdir. Şübhə yoxdur ki, maliyyə sistemində sığorta sektorunun əhəmiyyəti getdikcə daha da artacaq və sığorta xidmətlərinə tələbat böyüyəcəkdir. Lakin cari durumu və inkişaf dinamikasını daha dəqiqliklə təhlil etdikdə, bu sahədə bir sıra problemlərin olduğu üzə çıxır. Həmin problemlər isə, söz yox ki, sığorta xidmətləri bazarının ümumi inkişafında çox ciddi maneələr yaradır.
Azərbaycanın sığorta bazarı üçün bir sıra ümumi problemlər xarakterikdir və gerçəklik ondan ibarətdir ki, onun, yalnız bu günkü sabitliyi deyil, gələcək movcudluğu da daha çox həmin problemlərin həllindən asılıdır. Bazarda mövcud çatışmazlıqları, lap qısa, Azərbaycan dili qramatikasının imkanlarından istifadə edərək, sadə geniş cümlə ilə belə ifadə etmək olar: Sığortaçıların idarəetmə sistemində mövcud boşluqlar, maliyyə sabitliyində və ödəniş qabiliyyətliliyində tərəddüdlər, sığortaçıların özlərinin arasında sağlam tərəfdaşlıq münasibətlərinin olmaması, qeyri-sağlam rəqabət şəraiti, sığortaçılarla geniş əhali kütləsi arasında qarşılıqlı etimadsızlıq şəraiti, peşəkar kadrların ixtisas səviyyəsinin aşağı olması, kənd təsərrüfatı risklərinin sığortası üzrə effektli və işlək mexanizmin yaradılmasının gecikdirilməsi, zərərlilik, zərərlərin tənzimlənməsinin aşağı keyfiyyəti, qeyri-müəyyən qiymət siyasəti və bu sahədə vahid metodologiyanın olmaması və s. bütövlükdə sığorta bazarının əsas problemləridir. Bu barədə həm elektron, həm də kağız mediada çox yazılmış və çox danışılmışdır. Lakin bu günkü yazının əsas qayəsi qeyd olunan problemləri təkrarən gündəmə gətirməkdən ibarət deyildir. Əsas məqsəd, ilk növbədə KİV-lərdə çox da tirajlanmayan, barəsində çox danışılmayan, sanki ‘hər şey qaydasındadır’ kimi müzakirə predmeti olmayan, lakin bununla belə sığortanı özünü onun əsil görəvindən və mahiyyətindən uzaqlaşdıran pozuntuları, mənfi cəhətləri, başqa sözlə, sığortanın mövcud ‘ağrılarını’ işıqlandırmaqdan ibarətdir.
Eləcə də bax: Sahibkarların təbiətə vurduğu ziyanı sığorta qarşılaya bilər - TƏKLİF
Ağrılı məsələlər isə bir deyil-beş deyil, nə qədər desən, sadalamaq olar. Gəlin, bunlardan ən vaciblərini müəyyən sıralama ilə şərh etməyə çalışaq.
İlk öncə qeyd etmək lazımdır ki, sığortaçılarda daxili nəzarət və risklərin idarə edilməsinin tam və mükəmməl sistemi yaradılmamışdı. Belə ki, sığortaçının idarə heyəti ilə daxili audit xidmətinin fəaliyyət tandemi və onların hər ikisinin təftiş komissiyası ilə örnək ola biləcək birgə iş ənənələri, demək olar ki, yox dərəcəsindədir. Nə qədər təəccüblü olsa da, korporativ idarəetmədə bəzi ştat və digər vəzifə vahidləri yalnız kağız üzərindədir və ya aidiyyatı olmayan şəxslərlə komplektləşdirilmişdir. Məsələn, bir sıra sığortaçılarda aktuari fəaliyyəti demək olar ki, formal xarakter daşıyır, yüksək eşelon rəhbərlik onları, bir qayda olaraq, “oyundankənar” vəziyyətdə saxlayırlar. Halbuki, məsul aktuarinin qanunvericiliklə təsbit olunmuş hüquq və vəzifələrinə diqqət etdikdə, onun şirkətin fəaliyyətində üstün mövqeyi və söz sahibi olması dəqiq göstərilmişdir.
Məlumdur ki, son vaxtlar əsas fəaliyyətini icbari sığorta üzərində quran sığortaçıların zərərliliyi daha da artmışdır. Məsələn, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında zərərlilik 120 faiz təşkil etdiyi halda şirkətlər heç bir qabaqlayıci inzibati və ya maliyyə tədbirləri görmədən müqavilə bağlamaqda davam edirlər. (Burada bəzi şirkətlər tərəfindən həyata keçirilən qeyri-sivil, son dərəcə kustar və primitiv “tədbirlər” istisna təşkil edir.) O zaman sual olunur, bəs zərərliliyə görə birbaşa məsuliyyət daşıyan məsul aktuarilər haraya baxırlar? Onlar rüblük hesabatlara imza atarkən nəyə əsaslanırlar? Daxili audit xidmətinin rəhbəri, bir çox şirkətlərdə isə sıravi daxili auditorlardan ibarət bütöv bir DAX qrupu olduğu halda, şirkətlərdə üstəlik digər xidmətlər də saxlanılır. Müştəri narazılıqları isə nəinki azalmır, hətta bəzi sahələrdə, özəlliklə də zərərlərin tənzim edilməsi sahəsində bir qədər də artır.
Sığorta şirkətlərinin arasında sağlam tərəfdaşlıq münasibətləri, sağlam rəqabət mühiti yaradılmalıdır. Onlar öz fəaliyyətlərini qarşılıqlı hörmət, səmimiyyət və sağlam tərəfdaşlıq prinsipləri üzərində qurmalıdırlar. Sığorta şirkətləri arasında yüksək qarşılıqlı etimad mühiti yaradılmalıdır. Şirkətlərarası məlumat mübadiləsinin artırılması məqsədilə vahid platformanın yaradılması bu istiqamətdə atılmış ilk addımlardan olardı. Lakin bizcə, inzibati, icrası məcburi olan tədbirlərlə yanaşı məsələnin digər qeyri-ənənəvi formada, mənəvi üsullarla çözümünə də üstünlük verilməlidir. MBNP və İSB-nin də sığortaçılarla qarşılıqlı münasibəti kökündən dəyişdirilməlidir. Onlar tənzimləmə və nəzarət funksiyalarını yerinə yetirərkən, yalnız ‘əyri yolda olan’ sığortaçılara sanksiyalarla ‘qulaqburması verə bilən zəhmli yoxlayıcılar’ olmamalıdırlar. Onlar həm də sığortaçıların ən yaxın dostları və ən yaxın məsləhətçiləri-köməkçiləri kimi çıxış etməli və bütün sığorta peşəkarlarının hörmət və rəğbətini qazanmalıdırlar. Başqa sözlə, sığorta bazarı və sığorta sisteminin inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlər gündəliyinə, bir qədər, necə deyərlər, humanist elementlər də əlavə edilməlidir. Sığortaçıların rəhbərləri ilə “Biznes etikası”, “Psixologiya”, “Xidmət satışının özəllikləri” və sair əlaqəli mövzularda sistemli və daimi təlimlər və görüşlər keçirilməlidir.
Sığortada orta və aşağı səviyyədən olan peşəkar kadrların ixtisas səviyyəsinin aşağı olması da diqqət çəkən problemlərdəndir. Bu problem satış sektorunda, özəlliklə də pərakəndə satış sahəsində işləyən sığorta agentlərinə münasibətdə daha qabarıq şəkildə nəzərə çarpır. Bütövlükdə hazırki sığorta bazarı üçün peşəkar etikanın və zəruri kvalifikasiyanın aşağı səviyyəsi xarakterikdir. Bütün sadalanan amillər nəticə etibarı ilə əksər sığorta xidmətləri istehlakçılarında sığortaya zaman-zaman mənfi münasibət formalaşdırır və onlar gələcəkdə sığortaçıların xidmətlərinə həvəs göstərmirlər.
Sığorta qanunvericiliyində və digər normativ-hüquqi aktlarda mövcud olan və sığorta xidmətləri bazarının inkişafı yolunda ciddi maneəyə çevrilən ziddiyyətlər və uyğunsuzluqlar ayrıca qeyd olunmalıdır. Bəzən verilən təriflər və şərhlər birmənalı olmur. Özəlliklə əmlak sığortasında sığorta marağının müəyyən edilməsi və sığorta dəyərinin təyin edilməsi mexanizmi kifayət qədər səmərəli işləmir. Qeyd etmək lazımdır ki, bu faktor hazırda bazarda müşahidə olunan sığortaçı-sığortalı konfliktlərindən ən böyüyüdür. Əslində bütün bunlar digər söhbətin mövzusudur və bu məsələlərə yaxın zamanlarda daha ətraflı şəkildə qayıdacağıq.
Bu gün sığortaçılar üçün ən böyük problemlərdən biri daşınmaz əmlakın icbari sığortası üzrə yaranan akkumulyasiyaya nəzarət və buna qarşı etibarlı təkrarsığorta mexanizminin yaradılmamasından ibarətdir. Narahatedici digər bir məsələ bəzi riskləri beynəlxalq təkrarsığorta bazarlarında yerləşdirərkən üzə çıxan çətinliklərdir. Belə ki, beynəlxalq təcrübədə təkrarsığortaçıların sığorta ödənişi üçün istisna kimi qəbul etdikləri bir sıra hallar (tüstünün uzun müddətli təsiri nəticəsində dəymiş zərərlər, süni şəkildə yaradılmış aşağı temperatur (şaxta) nəticəsində dondurucu qurğuların səbəb olduğu zərərlər, vаkuum və yахud qаzın rеzеrvuаrdа sеyrəkləşməsi nəticəsində yаrаnаn pаrtlаyış, yаnmа mühərriklərinin və аnаlоji mаşın və аqrеqаtlаrın yаnmа kаmеrаsındа bаş vеrən pаrtlаyış, suyun təsiri nəticəsində əmələ gələn gеnişlənmə və şişmədən yаrаnаn pаrtlаyış, radioaktiv çirklənmə, bioloji çirklənmə, konfiskasiya, müsadirə və s.) ‘‘İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci və Xüsüsi hissənin 36.2-ci maddəsində əhatə edilməmişdir. Təbiidir ki, bu, biznesin bundan sonra daha səmərəli şəkildə davam etdirilməsində yerli sığortaçılar üçün arzu olunan hal deyildir.
Məsələnin bizim üçün vacib tərəfi ondan ibarətdir ki, yuxarıda sadalanan risklərin beynəlxalq təkrarsığorta bazarlarında ümumi istisna kimi qəbul olunması daşınmaz əmlakın icbari sığortası ilə sığortalanan risklər üçün təkrarsığorta təminatının əldə olunmasında əngəllər yaradır. Nəticə etibarı ilə yuxarıdakı risklər nəticəsində yaranacaq hər hansı hadisə zamanı təkrarsığorta ödənişinin həyata keçirilməməsi sığorta bazarının ciddi şəkildə maliyyə itkisinə məruz qalması ilə nəticələnə bilər.
Bazarda məlum faktlardan biri də ondan ibarətdir ki, sığortaçılar öz hüquqşünaslarının dəstəyi ilə qanunvericilikdəki boşluq və çatışmazlıqlardan istifadə edərək sığorta ödənişi verməkdən yayınırlar. Əslində sığortaçılar bu cür hərəkətlər etməyə məcburdurlar, çünki bazarda qeyri-sağlam rəqabət şəraitində üstünlük qazanmaq, qeyri-təbii və bəzən qeyri-qanuni bazar təzyiqlərinə davam gətirmək, və sadəcə ‘bu cür neqativlərlə dolu bir sığorta bazarında ‘yaşamaq və fəaliyyətini davam etdirmək’ üçün normativlərdən kənara çıxan hədsiz xərcləri və məsrəfləri kompensasiya etməkdən ötrü onların digər çıxış yolu da qalmır.
Sığorta sahəsində istehlakçıların (sığortalıların) hüquqlarının qorunması sahəsində çatışmazlıqlar açıq-aşkar hiss olunur. İnkişaf etmiş Qərbdə uzun illərdir özünü doğrultmuş sığorta ombudsmanı institutunun bizdə hələ də yoxluğu, istehlakçıların hüquqlarının qorunması üzrə ixtisaslaşmış ictimai birliyin olmaması böyük problemdir. Bu, sığorta hadisələrinin araşdırılması, zərərlərin tənzim edilməsi, bütövlükdə sığortalıların və bazarın digər iştirakçılarının sığorta və digər əlaqəli tələblərinin düzgün çözülməsində əngəllər yaradır. Sığorta ilə əlaqədar öz həllini tapmamış çoxsaylı iddialar qalaq-qalaq kağız qovluqlara çevrilərək sığortaçıların, nəzarətçilərin və məhkəmələrin siyirtmələrində qalmaqdadır. İşlərin bu şəkildə davam etməsi isə bütövlükdə ölkə üzrə sığortanın gözdən düşməsinə səbəb olur.
Sığorta ehtiyatlarının və ya müvafiq fondların yaradılmasında normativ tələblərin pozulması adi hal almışdır. Bu isə nəticə etibarı ilə sığortaçının məcmu kapitalının formalaşdırılmasında müəyyən əyintilər və qanun pozuntuları ilə nəticələnir. Belə ki, bəzi şirkətlər resursların çoxunu ‘öz doğma banklarının’ depozit hesablarında yerləşdirməklə əslində mövcud diversifikasiya normalarını və deməli, qüvvədə olan qanunvericiliyin tələblərini pozmuş olurlar.
O zaman sual olunur: sığortaçıların qanunla tələb olunan səmərəli invesitisiya siyasəti bundanmı ibarətdir?!
Məlumdur ki, sığortaçı öz vəsaitlərinin yalnız 30 faizini eyni bir bankda və ya kredit təşkilatında yerləşdirə bilər. Əks təqdirdə artıq yerləşdirilən resurslar məcmu kapitalın hesablanmasında nəzərə alınmır. Bəzi sığortaçılar aktivlərin qrupları üzrə digər diversifikasiya bəndlərinin də normalarından kənara çıxır və onların etibarlılığı və mənfəətliliyi prinsiplərini gözləmirlər.
Sığortada qanun yaradıcılığında ləngimələr vardı. Qanunvericilikdə dəyişikliklər aparılarkən qanun layihələri geniş müzakirə olunmur, əlaqəli sahələr üzrə ekspert və mütəxəssislərin təklif və ideyaları kifayət qədər nəzərə alınmır. Son dövrlərdə sığorta bazarında bəzi çatışmazlıqların aradan qaldırılması üçün ictimai təşkilatların verdiyi təkliflər adekvat şəkildə cavablandırılmamışdı. Bildiyiniz kimi, eyni daşınmaz əmlakın icbarı sığortasında əhatə olunan risklər üzrə azadolma məbləği standartdır. Məsələn, subasma ilə zəlzələ riskinin vura biləcəyi zərər arasında fərq böyük olduğundan sığortalılar əhatə olunan bütün risklər üzrə eyni azadolma məbləğinin tətbiq edilməsinə narazılıqlarını bildirir. Burada şikayətlərin obyektiv olduğunu nəzərə alsaq, bu hal bizi narahat etməyə bilməz. Vaxtilə ASA-nın icbari sığortalar komissiyasında qaldırılan bu məsələ, yəni diferensial azadolma mexanizminin tətbiqi məsələsi bu günədək öz həllini tapmamışdır.
Sığortada daxili bazarın qorunması ilə bağlı boşluqlar vardır. Ən böyük riski özündə ehtiva edən çox dəyərli tikili və binaları, kompleks və konstruksiyaları, digər “bahalı” sığorta obyektlərini sığortalayan yerli sığortaçılar onun böyük hissəsini xaricə təkrarsığortaya ötürməli olurlar. Nəticə etibarı ilə uduzan isə yerli sığorta şirkətləri və ölkə iqtisadiyyatı olur. Bunun bir bəsit səbəbi vardır – sığortaçıların məcmu kapitalı onların daha çox risk payına şərik olmalarına və ya daha çox şəxsi tutum etmələrinə imkan yaratmır. (Əslində bəzi sığortaçıların kapital resursları çox olsa da, həmin resursları qüvvədə olan norma və təlimatlara uyğun şəkildə diversifikasiya etməmələri səbəbindən onların bu aktivləri məcmu kapitalın hesablanmasında nəzərə alınmır.)
Digər bir səbəb isə, bazarda böyük risklərin mükəmməl şərikli sığortalanmasını təmin edəcək sığorta daxılının olmamasıdır. Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, Azərbaycanda nəinki yaxşı təşkil olunmuş sığorta daxılı yoxdur, heç sadə iş prinsipinə əsaslanan şərikli sığorta mexanizmi də kifayət qədər tətbiq olunmur. Halbuki, özəl sığortaçılığın qısa tarixində bu cür təcrübə artıq mövcud olmuşdu. Belə ki, bir vaxtlar ölkədə fəaliyyət göstərən iri sığorta şirkətləri 12 aprel 2004-cü il tarixli “Yanğından icbari sığorta haqqında” AR Qanununun dolğun icrasını təmin etmək məqsədilə öz aralarında bağladıqları saziş əsasında sığorta daxili yarada bilmişdilər.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsində dəqiq göstərilir ki, sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər. Digər bir qanuna, “Səhmdar cəmiyyət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən isə səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyət hesab edilir. Başqa sözlə, Cəmiyyətin səhmləri bu cəmiyyətin iştirakçıları arasında paylanmaqla yanaşı, bazarda açıq şəkildə həm alına, həm də satıla bilər. Lakin reallıqda sığortaçının səhmləri nə fiziki, nə də hüquqi şəxslər üçün əlçatan deyildir.
2018-ci ilin yekunlarına görə yalnız bir neçə sığortaçı tərəfəindən 61,78 mln. manat ümumi xalis mənfəət əldə edilmişdir. Əksər sığortaçılar isə zərərlə işlədiklərinə görə heç mənfəətə də çıxa bilmirlər. Lakin başa düşülən budur ki, sığortaçının nə hüquqi, nə də “mənəvi” cəhətdən iflasa uğramaq haqqı yoxdur, çünki o, on minlərlə sığortalıların məsuliyyətini daşıyır. Zəif, mənfəətsiz sığorta fəaliyyəti nəticəsində isə, əslində bütün tərəflər uduzur: dövlət büdcəsinə vergilər ödənilmir, müəssisə inkişaf etdirilmir, sığorta ehtiyatları ‘yerində sayır’ və ya azalmağa doğru gedir, işçilərin əlavə motivasiyası həyata keçirilmir və sonda heç səhmdarlara dividentlər də ödənilmir.
Sığortaçıların tələb olunan kapitalının artırılması istiqamətində işlər sanki dayandırılmışdır. Ölkə sığortaçılarının nizamnamə kapitalının məcmu həcmi təxminən 291 milyon manat (170 milyon ABŞ dolları) təşkil edir. Müqayisə aparaq, Munich Re-nin kapitalı 588 mln. Avro, Swiss Life sığortanın kapitalı 686 mln. Avro, Qərbi Avropanın məşhur AXA Sığorta Qrupunun (Fransa) kapitalı isə bundan dəfələrlə çoxdur. Göründüyü kimi, hətta ən böyük səhm kapitalına malik olan yerli sığortaçıların mövcud kapitalının həcmi dünya prizmasından baxıldıqda çox ‘gülməli’ və qeyri ciddi görünür.
Lakin yerli sığortaçıların heç də hamısı maliyyə ilini zərərlə başa vurmur. O zaman, mənfəətə çıxan sığortaçıların təsisçilərinin qısqanclığı nədəndir? Axı, mənfəətlə işləyən sığortaçıların səhmdarına çevrilmək yerli əhali üçün də cəlbedici olardı. Sığortaçıların səhmlərinin açıq hərrac yolu ilə satışının sadələşdirilməsi, əslində onların səhm kapitalının dinamik artırılması üçün təbii şərait demək olardı.
Bəlkə indi sığortaçılarımız maliyyə baxımından həddindən çox gücləniblər və onların bundan sonra əlavə kapitallaşmasına ehtiyac yoxdur?!
Ölkə üzrə orta aylıq əmək haqqının mövcud səviyyəsi, başqa sözlə, orta statistik Azərbaycan ailəsinin aylıq ailə büdcəsi əhalinin geniş təbəqəsinə imkan vermir ki, onlar mövcud sığorta müdafiəsi alətlərindən tam ölçüdə istifadə edə bilsinlər. Axı heç kimə sirr deyil ki, hər bir vətəndaşın sığortadan öncə digər həyati vacib tələbatları vardır. Obyekt sahibləri olan hüquqi şəxslərə gəldikdə isə, onların da dərdi-ağrısı bir tək sığorta dərdi deyildir. Onların müvafiq ərazi üzrə icra hakimiyyəti nümayəndələri, bələdiyyələr, sahə müvəkkilləri, vegi, fövqəladə hallar, ekologiya, sanitariya-gigiyena, qida təhlükəsizliyi, yol polisi, işıq, qaz, reklam idarələri və sair və ilaxır, vaxtaşarı problemləri yaranır.
Hörmətli oxucu, göründüyü kimi ölkədə sığorta bazarı deyilən bir sahənin dərdi-səri yazmaqla qurtaran deyil. Lakin bu yazını pessimist notlarla bitirmək də istəməzdim. Ölkə iqtisadiyyatının digər seqmentlərində olduğu kimi sığortada da müəyyən inkişaf tendensiyası hiss olunmaqdadır. Məsələn, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun Layihəsi Milli Məclisdə 1-ci oxunuşdan keçirilmişdir. İndi cəmiyyətdə müəyyən dərəcədə ümid yaranmışdır ki, kənd təsərrüfatı və ya aqrar sığorta sahəsində işlər nəhayət ki, ətalət zonasından çıxmaqdadır. Artıq on beş ildən çoxdur davam edən effektli tənzimləmə mexanizminin yaradılması prosesinin başa çatacağı vaxta saylı günlər qalmışdır. İnanmaq istərdik ki, aqrar sığorta orqanının adından fəaliyyət göstərən idarəedici qurum müştərək sığortaçıları öz ətrafında birləşdirərək, Türkiyə təcrübəsi (TARSİM) əsasında müvafiq sığorta daxılının yaradılması ilə problemin müsbət çözülməsini təşkil edə biləcəkdir.
Doğrudanmı, ölkəmizdə kənd təsərrüfatı risklərinin sığortalanması məqsədilə işlək bir mexanizmin yaradılması məsələsi, nəhayət ki, öz həllini tapacaqdır?!
Təki deyilənlər düz çıxaydı!
Fermerlərin mənafelərinin daha dolğun şəkildə qorunması, aqrar sığortaya dövlət dəstəyinin artırılması, bütövlükdə aqro-sığortada belə bir effektli sistemin işə düşməsi çoxdan gözlənilirdi. Odur ki, sözü gedən bu yeni Qanuna ümidlər çox böyükdür.
Necə deyərlər, gec olsun, güc olsun!
Xüsusi olaraq FED.az üçün Şükür Hüseynov
Sığortanın mətbuatda işıqlandırılmayan problemləri - MƏQALƏ
10:26
29 May 2019