Sığorta şirkətlərinin nizamnamə kapitalları hazırda 5-10 milyon manat təşkil edir. FED.az xəbər verir ki, artıq bu tələbin özünü doğrultmadığı və nizamnamə kapitalının artırılacağı ilə bağlı məlumatlar var.
Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının FED.az-a verdiyi məlumata görə, hazırda qeyri-həyat sığortası üzrə minimum kapital tələbi 5 mln. manat, həyat sığortası fəaliyyəti üzrə 10 mln. manat, təkrarsığorta fəaliyyəti üzrə isə 20 mln. manatdır. Palata hesab edir ki, hazırki vəziyyətdə sığortaçıların kapitallaşma səviyyəsi qənaətbəxş hesab edilə bilər.
Lakin qeyri-rəsmi məlumatlara əsasən, hazırda sığorta şirkətlərininin bəzilərində bu tələb belə özünü doğrultmur. Ümumilikdə sığorta fəaliyyəti üçün 5 milyon manatın o qədər yüksək məbləğ olmadığını nəzərə alsaq, bu vəsaitin belə tam şəkildə ödənilməməsi sektor üçün əlavə risklər yaradır. Buna görə də tənzimləyici orqan şirkətləri “maliyyə intizamı”nı bərpa etməyə çağırıb.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 80.1-ci maddəsinə əsasən sığortaçı olmaq üçün nizamnamə kapitalına olan tələb məhz pul ilə ödənilməlidir. Çünki sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti birbaşa kapital dayanaqlığından asılıdır.
Sığorta qanunvericiliyinə əsasən, sığortaçının maliyyə öhdəliklərinin həcminə sığorta ehtiyatları və tələb olunan kapital daxildir. Sığortaçının sahib olduğu məcmu kapitalının yəni likvid aktivlərinin məbləği isə tələb olunan kapitalının məbləğindən az ola bilməz.
Sığortada nizamnamə tələbi artırılacaqmı? - PALATADAN AÇIQLAMA
12:37
26 Fev 2018