Moskvada martın 22-də “Crocus City Hall”da baş verən terror və yanğın nəticəsində dəyən ziyanın təxminən 10 milyard rus rublu (110 milyon dollar və ya 190 milyon manat – FED.az) olduğu bildirilir.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın sığorta bazarındakı mənbə bildirib.
“Bina ənənəvi olaraq sığortalanıb”, - nəşrin həmsöhbəti qeyd edib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında «Moskva Crocus City Hall» konsert zalında terror aktı baş verib. «Piknik» qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlamışdı.
Son məlumatlara görə, terror aktı nəticəsində 150 nəfər həlak olub, terror aktını törətməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib, onlardan bəziləri məhv edilib, 2 nəfər həbs edilib.
Hələlik baş verən hadisəyə görə, məsuliyyəti öz üzərinə İŞİD təşkilatı götürüb.
Xatırladaq ki, «Moskva Crocus City Hall» konsert salonu Rusiyada yaşayan azərbaycanlı milyardçı Araz Ağalarova məxsusdur.