2025-ci ilin ilk beş ayında sığorta bazarı 11,9% böyüsə də, bu artım şirkətlər arasında fərqli templərlə baş verib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistikaya istinadən xəbər evrir.
Bəzi şirkətlər bazar ortalamasını dəfələrlə üstələyərək "sprinter" rolu oynayarkən, digərləri sürət itirərək geridə qalıb.
Artım tempinə görə reytinqin mütləq qalibi "Meqa Həyat Sığorta" ASC-dir. Cəmi bir il ərzində şirkət yığımlarını 3,1 milyon manat və ya 84,4% artıraraq 3,6 milyon manatdan 6,7 milyon manata çatdırıb. Bu, bazar üzrə ən yüksək dinamikadır.
Güclü artım nümayiş etdirən digər şirkətlər arasında "Atəşgah Həyat" (+25,6% və ya 10,1 milyon manat), "Azərbaycan Sənaye Sığorta" (+23,8% və ya 2,7 milyon) və "Qala Həyat" (+22,8% və ya 2,2 milyon manat) da yer alır. Bu şirkətlər aktiv satış strategiyaları ilə bazar paylarını artırmağı bacarıblar.
Maraqlıdır ki, bazarın nəhəngləri olan "Paşa Həyat" (+14,3%) və "Paşa Sığorta" (+5,5% və ya 8,6 milyon manat) faiz artımına görə lider olmasalar da, mütləq rəqəmlərdə bazarın əsas mühərriki rolunu oynayırlar. Məsələn, "Paşa Həyat"ın 14,3%-lik artımı məbləğ ifadəsində 43,2 milyon manat təşkil edir ki, bu da bir çox şirkətin illik yığımından dəfələrlə çoxdur.