Sığorta hadisələri zamanı tərəflər arasında yaranan mübahisələrin həll olunması və ortaq mövqenin tapılması üçün məhkəmədən öncə müstəqil sığorta ekspertinin cəlb edilməsi vacibdir.
Mərkəzi Bankın ekspertlərlə bağlı reyestrində olan ekspertlərin fəaliyyətinin yoxlanılması mexanizmi demək olar ki, yoxdur.
FED.az xəbər verir ki, bu barədə müstəqil sığorta eksperti İlkin İbrahim məlumat verib. O bildirib ki, Mərkəzi Bankın ekspertlərlə bağlı reyestrində olan ekspertlərin fəaliyyətinin yoxlanılması mexanizmi demək olar ki, yoxdur. Həmin reyestrdə adı olan mütəxəssislərin çoxu aidiyyəti üzrə fəaliyytlərini davam etdirməsələr də adı müstəqil ekspert kimi Mərkəzi Bankın reyestrində saxlanılır.
Sığorta şirkətləri hiyləyə əl ataraq....
İlkin İbrahimin sözlərinə görə, bu hal da bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, bəzi sığorta şirkətləri bu haldan xəbərdar olduqları üçün yaranmış vəziyyətdən öz xeyirləri üçün sui istifadə edirlər. Sığorta mübahisəsi yaranan zaman müstəqil ekspertin cəlb olunmasına ehtiyac olanda tərəflərin qarşısına həmin adı reyetrdə olsa da sığorta ekperti kimi fəaliyyət göstərməyən şəxslərin ad-familyasından ibarət siyahı qoyulur. Sığorta şirkətləri hiyləyə əl ataraq siyahıya işləməyən sığorta ekspertləri və öz yaxın adamları olan ekspertlərin adını daxil edirlər. Nəticədə sığortalı sığorta şirkətinin istədiyi eksperti seçir.
Ekspert seçimi təsadüfi seçim əsasında aparılsın
İlkin İbrahim bu problemin həlli yolu kimi "Təklif edərdik ki, sığorta mübahisələri zamanı ekspert seçimi təsadüfi seçim əsasında aparılsın. Belə ki, sığorta mübahisəsi ilə üzləşən vətəndaşlar Mərkəzi Banka müraciət etsin. Mərkəzi Bank tərəfindən təsadüfi seçim əsasında müstəqil ekpertlərdən birini seçib iş üzrə ekpert təyin etsin. Bununla yanaşı tənzimləyici orqan olan Mərkəzi Bank tərəfindən ekspertə ediləcək ödənişin tərəflərdən hansının tərfindən həyata keçirilməsi də aydınlaşdırılsın. Ona görə ki, sonuncu qeyd etdiyim məsələdə ödənişin kimin tərəfindən edilməsi qanunda aydın şəkildə müəyyən edilmir. Mərkəzi Bank tənzimləyici orqan olaraq bu məslələrin uyğun həllini həyata keçirsə sığorta bazarında mübahisələrin sayı çox böyük həcmdə azala bilər,"-deyə qeyd edib.
Qeyd edək ki, Mərkəzi Bankın reyestrində olan müstəqil sığorta ekpertlərinin fəaliyyəti "Sığorta Fəaliyyəti haqqında" qanunda nəzərdə tutulur. Sığort şirkəti ilə vətəndaşlar arasında yaranan narazılığın aradan qaldırılması üçün hər iki tərəfin ortaq razılığı ilə mütəqil ekspert cəlb olunur.Müstəqil ekspertləri Mərkəzi Bank rəsmi şəkildə öz reyestetinə daxil edir. (Fins.az)