Kiçikmühərrikli avtomobil sahiblərinin sığorta ilə bağlı yaşadıqları problemlər bitmək bilmir. Sürücülər bildirirlər ki, sığorta şirkətləri bu tip avtomobillərin sığortasına həvəs göstərmirlər. Müxtəlif maneələr yaradırlar.
Avtomobillərin icbari sığorta haqqında dəyişiklik – YENİ MƏBLƏĞLƏR - CƏDVƏL
“Narazı qalanlar məhkəməyə müraciət etsinlər”
FED.az xəbər verir ki, fərdi fəaliyyət göstərən sığortaçı Sadiq Qulamov düşünür ki, avtomobil sahibləri özləri bu məsələdə israr etmirlər: “Nə sığorta şirkətlərinin, nə də dövlətin müəyyən etdiyi qiymətlərdə problem mövcud deyil. Sadəcə, sığorta şirkəti hesablayır, bir qiymət təyin edir, amma bu müştərini qane etmir. Müştərilər narazıdırlarsa, məhkəməyə müraciət edib istədikləri məbləği ala bilirlər. Sadəcə, zərərçəkənlər laqeydlik göstərirlər”.
Həmin limit bərpa olunur
Sığorta eksperti İlkin Nəcəfov deyib ki, şirkətləri də anlamaq lazımdır: “Sığorta şirkətləri xeyriyyə yox, kommersiya təşkilatlarıdır. Qarşılarında tələb var ki, həm də pul qazanmalıdırlar. Sığorta şirkətlərinin müraciət edən sığortaçıya ödəniş etməmək kimi hüquqları yoxdur. Avtomobil sahibləri istənilən sığorta şirkətinə yaxınlaşıb icbari sığorta ilə bağlı müraciət edə bilərlər. Şirkətlər isə imtina edə bilmədikləri üçün işi yubadırlar”.
İ.Nəcəfov bildirib ki, icbari sığorta qaydalarına əsasən, hər gün qəza törətsən də, sığorta şirkəti o zərəri ödəməlidir: “Həmin limit bərpa olunur. Yəni bir dəfə ödənildiyi sıfırlanmır. Bu gün bizdə elə sığorta şirkətləri var ki, könüllü şəkildə avtomobillərin icbari sığortasından imtina ediblər. Bir sıra şirkətlər də bu sıraya qoşulmağı düşünürlər. Hətta satışları dayandıranlar da mövcuddur. Bu da onu göstərir ki, icbari sığorta sahəsindəki toksik faktorlar sığorta şirkətlərinin maliyyə təhlükəsizliyi, həmçinin fəaliyyəti üçün təhdiddir. Bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətləri qərara gəldilər ki, maliyyə sığortasına gələn pulla ümumi icbari sığortaya dəyən zərəri müəyyən qədər kompensasiya etsinlər. Həmçinin, sığorta haqlarının qaldırılması ilə dəyən zərər ödənilsin. Lakin bunun da nəticəsi olmadı”.
Taksilərdə qəzaların sayı çox olur
Ekspert qeyd edib ki, ən çox problem taksilərdə olduğu üçün bu istiqamətdə müəyyən addımların atılması planlaşdırılır: “Keçən ilin oktyabr ayından FİN-koda görə bonus-malus hesablanan zaman artıq sürülən yer, sürücünün yaşı, zərərin dərəcəsi, maşının ili, verilən etibarnamələr - hamısı nəzərə alınır. Mərkəzi Bank tənzimləmə ilə bağlı düşünürdü ki, taksilər üçün risk əsaslı ayrı bir kateqoriya yaratsın. Yəni taksi fəaliyyəti olduğu üçün optimal əmsal tətbiq edilsin. Bu, ona görədir ki, nəqliyyat vasitəsi nə qədər çox sürülürsə, hadisə törətmək ehtimalı da o qədər yüksəkdir. Taksilərdə davamlı qəzaların sayı çox olur. Həmin maşınların çoxuna dəyən zərər 1000 manat ətrafındadır. 10 faiz hallarda tam zərər ola bilir”.
Günah taksi şirkətlərindədir
İ.Nəcəfovun fikrincə, bu məsələdə taksi sürücüləri də günahkar deyillər: “Taksilərlə bağlı bunu da nəzərə almalıyıq ki, şirkətlər taksi sürücülərinin qarşısına şərt qoyur ki, 25 gediş etməlisən. Ona görə sürücülər yatmırlar, dincəlmirlər. Belə olan halda qəza riski də artır. Burada əsas günahkar maşınları alıb taksi parkı yaradan şirkətlərdir. Çünki onlar həm maşınları, həm də sürücüləri həddindən artıq istismar edirlər”.
Sığorta şirkətləri də narazıdır
Müsahibimizin sözlərinə görə, sığorta şirkətləri də taksi kimi istifadə olunan avtomobilləri sığortalamaqdan yayınırlar: “Ehtimal ki, Mərkəzi Bank taksi fəaliyyəti ilə bağlı tənzimləyici əlavələr edəcək. Onların sığorta qiyməti daha da artacaq. Amma burada bəzi məqamlar var. Məsələn, hadisə baş verdikdə həmin avtomobilin taksi olub-olmadığını müəyyənləşdirməklə bağlı boşluqlar mövcuddur. Çünki bəzi taksi sürücüləri kasko sığortası etdirirlər, ondan sonra isə taksi kimi fəaliyyət göstərirlər. Bu halda sığorta şirkətləri şərt qoyurlar ki, maşın taksi fəaliyyəti üçün istifadə olunsa, sığortanı ödəməkdən imtina edəcəklər. Hadisə olur, taksinin heç bir yerdə qeydiyyatı yoxdur, sığorta şirkətindən fəaliyyətini gizlədir, bu da çətinliklər yaradır. O cümlədən sığorta edən vaxt avtomobilin hansısa taksi şirkətinin balansında olub-olmamasını müəyyənləşdirəcək kriteriyalar hələ ki, mövcud deyil. Bununla bağlı da dövlət tənzimləməsinə ehtiyac var”.
Çıxış yolu taksilərin sayını azaltmaqdır
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov da düşünür ki, bu sahədə ən böyük problem taksi kimi istifadə olunan avtomobillərlə bağlı yaşanır: “Hüquqi cəhətdən sığorta şirkətlərinin etdiyi hərəkət qanunsuzdur. Fikrimcə, onlar cəzalandırılmalıdırlar. Avtomobil sahibləri isə yaşından asılı olmayaraq, təlimdən keçməlidir. Çünki sürücülərin əksəriyyəti sürücülük vəsiqəsini müxtəlif yollarla əldə edirlər. Təlim keçsələr, ən azından yol hərəkəti qaydalarını bilərlər. Hər gün qəzalarla qarşılaşırıq. Qəzaların 70-80 faizini törədən taksilərdir”.
B.Bağırovun fikrincə, çıxış yolu taksilərin sayını azaltmaqdır: “Hazırda bazarda ən azı 20-30 taksi şirkəti mövcuddur. Azaltmaq üçün ya onların qarşısında müəyyən şərtlər qoyulmalı, ya da Bakının rayonları üzrə bölünməli, taksi parkları yaradılmalıdır”. (Kaspi.az)