Azərbaycanda sığorta şirkətləri üçün ən zərərli və ən sərfəli sığorta növləri məlum olub.
Eləcə də bax: Ötən ay ən çox sığorta haqqı toplayan şirkətlər - MƏLUM OLDU
FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin sığorta bazarında 467,5 milyon manat sığorta haqqı toplanıb, 223,2 milyon manat sığortpa ödənişi edilib – zərərlilik əmsalı 47,7% təşkil edib. Bu o deməkdir ki, sığorta haqqı kimi toplanan hər 100 manatın 47,7%-i müştərilərə qaytarılıb.
Amma bütün sığorta növlərində zərərlilik göstəricisi eyni deyil.
Könüllü sığortalar daha zərərlidir
Sığorta bazarının requlyatoru olan Mərkəzi Bankın açıqladığı statistikaya görə, yanvar-iyul aylarında könüllü sığorta üzrə zərərlilik əmsalı 57,8%, icbari sığortada isə cəmi 24,8% olub. Bu rəqəmlərə baxdıqda sığorta şirkətlərinin icbari sığortaya marağının səbəbi məlum olur.
1. Həyat sığortası - zərərlilik 101%
İlk 7 ayın nəticəsinə görə, ən zərərli sığorta növü həyatın yaşam sığortasıdır. Yanvar-iyul aylarında bu sığorta növü üzrə 135,4 milyon manat sığorta haqqı toplandığı halda 136,5 milyon manat ödəniş edilib. Zərərlilik əmsalı 101%-ə yüksəlib.
Həyat sığortası şirkətləri üçün təskinlik odur ki, bu sığorta növündə yığımlar sürətlə artır – illik 33% artım var.
2. İcbari avtomobil sığortası - zərərlilik 58,5%
Hesabat dövründə ölkə üzrə 49,7 milyon manat avtombil icbari sığorta haqqı toplanıb. 29,1 milyon manat ödəniş edilib. Zərərlilik əmsalı 58,5%-dir. Bu əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir. Müqayisə üçün bildirək ki, 2019-cu ilin eyni dövründə icbari avtomobil sığortası üzrə zərərlilik əmsalı 64%-ə yüksəlmişdi.
Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta yığımları 8,8 milyon manat və ya 15% azalıb ki, bu da son illər ərzində ilk dəfədir. Ödənişlər isə 8,2 milyon manat və ya 22% azalıb.
Yığımların azalması ilk baxışdan sığorta şirkətləri üçün mənfi hal görünür. Amma bu azalmanın səbəblərindən biri odur ki, şirkətlərin bir hissəsi daha riskli saydıqları avtomobiləri sığortalamaqdan imtina edirlər. Buna görə də, yığımlar azalsa da, ödənişlər daha sürətli azalıb. Bundan başqa, karantin dövründə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət də qəzaların sayını və ödənişləri azaldır.
3. Tibbi sığorta – zərərlilik 52,9%
Koronavirus pandemiyası və onun gətirdiyi yeni reallıqlar Azərbaycanda 2020-ci ildə gözlənilən icbari tibbi sığortanın tətbiqini ləngitdi və bu proses 2021-ci ilə qaldı. Nəticədə ənənəvi tibbi sığorta xidmətlərinə maraq azalmadı – bu ilin ilk 7 ayında 74,1 milyon manatlıq tibbi sığorta haqqı toplanıb ki, bu da əvvəlki ildən 9% artıqdır. Amma pandemiya nəticəsində tibbi sığorta ödənişləri daha kəskin artıb – bu il 39 milyon manatlıq sığorta ödənişi edilib ki, bu da əvvəlki illə müqayisədə 31% artıqdır. Nəticədə tibbi sığortada ödəniş-yığım nisbəti, yəni zərərlilik əmsalı ötən ilki 44,5%-dən bu il 52,9%-ə yüksəlib.
4. Kasko sığorta – zərərlilik 31,2%
Avtomobil sığortası üzrə digər növdə – kasko sığortada isə proseslər sığorta şirkətlərinin xeyrinə cərəyan edir. İlk 7 ayda kasko sığorta üzrə 23 milyon manat kasko sığorta haqqı yığılıb, 7,2 milyon manat ödəniş edilib. Zərərlilik 31,2% təşkil edib. Amma bu ötən illə müqayisədə daha yaxşıdır. Ötən il sığorta şirkətləri kasko sığorta üzrə 19,3 milyon manat sığorta haqqı toplayıb, 6,7 milyon manat ödəniş etmişdilər və zərərlilik əmsalı 35%-dən artıq idi. Göründyü kimi, kasko sığorta yığımları 19%-ə yaxın artasa da ödənişlər cəmi 5,8% yüksəlib.
Kasko sığortada yığımların artması ölkəyə gətirilən avtomobillərin sayının artması, eləcə də, lizinq və daxili kreditlə satılan avtomobillərin məcburi olaraq kasko sığortalanmasıdır.
5. Xaricə səfər edənlərin sığortası – 28,6%
Sığorta bazarında bu il qeydə alınan ən qeyri-adi göstəricilərdən biri – xaricə səyahət edənlər üzrə zərərlilik əmsalının təqribən 3 dəfə artmasıdır. Məsələ ondadır ki, bu il xaricə səyahətlərin sayı kəskin azalıb.
İlin ilk 7 ayında xaricə səyahət edənlər üzrə cəmi 822 min manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azdır. Sığorta ödənişləri isə bu qədər azalmayıb. Ötən il 257 min manat olan ödənişlər bu il 235 min manata enib. Nəticədə sığorta növünün zərərliyi ötən ilki 10%-dən bu il 28,6%-ə yüksəlib.