Azərbaycanın sığorta şirkətləri tərəfindən əhali və iş adamlarının hansı məbləğdə risklərinə təminat verildiyi açıqlanıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, "Bu gün statistikaya baxsaq, təminat verilən risklərin həcmi yarım trilyon manata çatır" deyib və əlavə edib:
"Yəni, 500 milyard manatlıq risk sığorta tərəfindən müdafiə olunur. Bu da Azərbaycanın illik ümumi daxili məhsulunun (ÜDM - red) beş qatıdır. Biz bununla kifayətlənməli deyilik. Bu, bəzi ölkələrdə ÜDM-in 20 qatınadək çatır. Düşünürəm ki, sığorta bazarı hazırkı templə böyüyərsə, iş adamlarının və əhalinin daha çox riskinə təminat vermək imkanı yaranacaq".
Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 1 milyard 108 milyon 234 min manat sığorta haqları hesablanıb, 497 milyon 466 min manat sığorta ödənişləri həyata keçirilib. 2022-ci ilin 11 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 875 milyon 132 min manat sığorta haqları hesablanmış, 400 milyon 953 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, bu ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 26,6%, sığorta ödənişləri 24,1% artıb. (Marja)