Azərbaycanda avtomobillərin icbari sığortası sahəsində baş verən yeniliklər sığorta şirkətlərinin bu sığortadan qazancını artırıb.
Azərbaycanda evini sığortalayanlar və sığorta ödənişləri – KƏSKİN ARTDI
FED.az xəbər verir ki, ilin nəticələri bütün detalları ilə ilin sonunda açıqlanacaq, amma artıq indidən – ilin 4 ayının nəticələrinə görə, avtomobillərin icbari sığortasının sığorta şirkətləri üçün «super zərərli» səviyyədən aşağı düşdüyünü və şirkətlərə gəlir gətirdiyini demək olar.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin cari ilin yanvar-aprel aylarında avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 48,2 milyon manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 milyon manat və ya 61% çoxdur.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə cəmi 6% artaraq 30,6 milyon manat təşkil edib.
Rəqəmlər göstərir ki, avtomobil sığoğrtası üzrə yığımların artım sürəti ödənişlərin artımını 10 dəfə qabaqlayır.
İcbari Sığorta Bürosunun məlumatına görə, ölkədə avtomobillərin icbari sığortası ən yüksək penetrasiyaya malik olan sığota növüdür – yəni nəzarət güclü (sığortasız maşınlar radara düşür) və sərt (sığortasız maşınlara dərhal elektron cərimə yazılır) olduğundan indiyədək də sığortadan yayınmaq mümkün deyildi.
Başqa sözlə, sığorta haqlarının yığıındakı artım sığortalanan avtomobillənrin sayının artımı ilə deyil, hər avtomobilə düşən sığorta haqqının məbləğinin yüksəlməsi ilə bağlıdır.
Ötən ilin sonunda qüvvəyə minən yeniliklərə əsasən icbari sığorta üzrə baza məbləği sabit qalsa da, sürücünün təcrübəsi, yaşı, avtomobilin istehsal tarixi və onu idarə etmək üçün etibarnamələrin sayından asılı olaraq yeni əmsallar tətbiq edilib. Bu da yığımları kəskin artırıb.
Dəyişiklik, sığorta şirkətlərinin bu sahədəki mənfəətini də artırıb . 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 63,6% təşkil edib. Halbuki, ötən il bu rəqəm ölkə üzrə 96,4% idi, Bakıda isə 100%-i keçmişdi, yəni açıq-aşkar zərərlə işləyirdi.
Amma bu sahədə sığorta şirkətlərinin əlinə işləyən başqa dəyişiklik də var – artıq elektron ödəniş və sığorta imknalarından istifadə etməklə sığorta şirkətləri tədricən agentlərin xidmətindən imtina etməyə, onlara verildən komissiya haqqına (qanuna görə 15%-i keçməməlidir) qənaət etməyə başlayıblar.
Əgər şirkətlər həmin məbləği formal olaraq öz nəzarətində olan agentlərin adına rəsmiləşdirməsələr, şirkətlərin bu sahədə də gəlirləri artacaq.