“Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” şüarı altında fəaliyyət göstərən və qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkət olan “Azərbaycan Sənaye Sığorta” ASC 2021-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata əsasən, göstərilən müddət ərzində 4 889 665 manat məbləğində sığorta haqqı yığılıb. Bu məbləğin 1 049 747 manatı İcbari sığorta növlərinin, 3 839 918 manatı isə könüllü sığorta növlərinin payına düşür.
Həmçinin 2021-ci ilin göstərilən dövründə müxtəlif sığorta hadisələrinə görə sığorta ödənişləri 710 776 manat olub. 2020-ci ildə bu göstərici 472 302 manat təşkil edib.
Beləliklə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında 57.1%, sığorta ödənişlərində isə 50.49% artım olub. Artım, könüllü sığortada əsasən tibbi, əmlak və kasko növlərini, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edib.
Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC 2020-ci il üzrə 9 077 147 manat məbləğində sığorta haqqı toplayıb, 2019-cu il ilə müqayisədə sığorta yığımlarında 62% artım olub. Göstəricilərə əsasən, şirkətin maliyyə nəticələrinin müsbət dinamika ilə artmaqda olduğu müşahidə edilməkdədir.
“Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildə fəaliyyətə başlayıb, Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox sığorta növü üzrə xidmətlər təklif edir.