“Amrah Sığorta” ASC ləğv prosesində olan “Qafqaz İnkişaf Bank” ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.
FED.az xəbər verir ki, E-huquq.az-ın verdiyi xəbərə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan depozit hesabındakı 204 min 960 ABŞ dolları alınaraq iddiaçının xeyrinə tutulmasını istəyib.
Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edib ki, işə məhkəmədə baxılmalı olmadığından iddiaçı “Amrah Sığorta” ASC-nin iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi qaytarılmalıdır.
Məhkəmə tərəfindən müəyyən edilib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə “Qafqaz İnkişaf Bank” ASC müflis elan edilib və həmin tarixindən etibarən ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
Məhkəmə “Banklar haqqında” Qanununun 82-ci maddəsinə görə, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür.