2025-ci ilin ilk beş ayında Azərbaycan sığorta şirkətləri tərəfindən müştərilərə ümumilikdə 314,8 milyon manat həcmində sığorta ödənişi həyata keçirilib.
FED.az Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, sığorta yığımlarında olduğu kimi, ödənişlər bazarında da yüksək konsentrasiya və iki şirkətin mütləq üstünlüyü müşahidə olunur.
Ödənişlərin həcminə görə reytinqin dəyişməz lideri "Paşa Həyat Sığorta" ASC-dir. Şirkət hesabat dövründə 177,5 milyon manat ödəniş edərək, bütün bazar ödənişlərinin 56%-dən çoxunu təkbaşına icra edib. Bu, şirkətin həyat sığortası üzrə götürdüyü öhdəlikləri nə qədər geniş miqyasda yerinə yetirdiyini göstərir.
İkinci yerdə isə 55,8 milyon manatlıq ödənişlə "Paşa Sığorta" ASC qərarlaşıb ki, bu da ümumi bazarın təxminən 18%-i deməkdir. Beləliklə, bu iki nəhəng şirkət birlikdə bazar ödənişlərinin 74%-ni reallaşdırıb, qalan 14 şirkətin payına isə bazarın cəmi 26%-i düşüb.
İlk beşlikdə yer alan digər şirkətlər "Atəşgah Həyat" (22,2 milyon manat), "Atəşgah" (16,6 milyon manat) və "Qala Sığorta" (10,3 milyon manat) olmuşdur. Reytinqin son pilləsində isə cəmi 12 min manatlıq ödənişlə "İpək Yolu Sığorta" ASC qərarlaşıb. Bu rəqəmlər bazar iştirakçıları arasında ödəniş portfelinin həcmində nə qədər kəskin fərqlər olduğunu aydın şəkildə nümayiş etdirir.