2025-ci ilin ilk beş ayında sığorta bazarında ödənişlərin ümumi həcmi ötən illə müqayisədə 19,4% artsa da, ayrı-ayrı şirkətlərin dinamikası kəskin fərqlənib.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY/ 2025)
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bəzi şirkətlərdə sığorta ödənişləri dəfələrlə artıb.
Sığorta ödənişlərinini artımı üzrə reytinqin lideri "Meqa Həyat Sığorta" ASC olub. Şirkətin ödənişləri ötən ilin cəmi 83 min manatlıq göstəricisindən 24,7 dəfə (1 milyon 970 min manar) artaraq 2 milyon manatı keçib ki, bu da yeni işə başlayan şirkətin fəaliyyətini genişləndirdiyini göstərir.
Yüksək artım nümayiş etdirən digər şirkətlər "Atəşgah Sığorta" (+92,1% və ya 7 milyon 969 min manat) və "Qala Sığorta" (+80,9% və ya 4 milyon 587 min manat) şirkətləridir.
Ölkədə kənd təsərrüfatını sığorta edən "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" də ödənişlərini davamlı olaraq (+62,3% və ya 1 milyon 594 min manat) artırmaqdadır.
Hesabat dövründə "Azərbaycan Sənaye Sığorta" ASC-nin ödənişlərində 1 milyon 380 min manat, başqa sözlə 37,2% artım baş verib.
Sığorta bazarının lideri "Paşa Həyat Sığorta" da ödənişlərini 22,6% artıraraq, mütləq ifadədə bazara ən böyük təsiri göstərib – şirkətin ödənişləri 32,7 milyon manat artıb.