6 sentyabr saat 19:00-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısında “Sığorta Festivalı 2024” çərçivəsində növbəti tədbir keçiriləcək.
FED.az xəbər verir ki, Festival “Həyat sığorta ilə rahat” devizi altında Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə reallaşdırılır.
Təşkilatçılar Naxçıvan sakinləri və qonaqlar üçün əyləncəli və məlumat dolu bir proqram hazırlayıblar. Tədbir iştirakçıları sığorta sahəsindəki ən son yeniliklər və trendlər barədə məlumat alacaq, maraqlı şou-proqram ilə əsl bayram ab-havası yaşayacaqlar. Aparıcı tərəfindən sual-cavab oyunu təşkil ediləcək və iştirakçıların bilikləri sınanacaq, həmçinin müxtəlif yarışların qalibləri hədiyyələrlə mükafatlandırılacaq.
“Sığorta Festivalı 2024” ölkənin aparıcı sığorta şirkətlərini bir araya gətirərək, əhalini müxtəlif sığorta məhsulları haqqında maarifləndirməyi qarşısına məqsəd qoyub. Bu tədbirdə də “Edutainment” formatında təqdim olunan məlumatlar vasitəsilə iştirakçılar sığorta məhsulları haqqında faydalı biliklər əldə ediblər.
“Sığorta Festivalı 2024”ün açılışı 17 avqustda Bakıda, növbəti tədbirləri isə 24 avqustda Sumqayıtda və 30 avqustda Lənkəranda keçirilib. 14 sentyabrda Gəncədə baş tutacaq möhtəşəm bağlanış mərasimində sevilən ifaçı Hissin konserti festivalın finalını daha da yaddaqalan edəcək.
Xatırladaq ki, Azərbaycanda ilk “Sığorta Festivalı” 2023-cü ildə keçirilib və ölkənin 10 bölgəsində böyük maraqla qarşılanıb. Bu festival, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Sığorta sektorunun inkişaf etdirilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunur. Tədbir, geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində biliklərinin artırılması və onların sığorta xidmətlərinə marağının yüksəldilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin bir hissəsidir.