Bu ilin yanvar ayında Azərbaycanın sığorta bazarının ümumi göstəricilərində fərqli dinamika müşahidə edilib. Bazarın yığımları azalsa da, ödənişlərin həcmində ciddi artım qeydə alınıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat ayında sığorta bazarı üzrə ümumi yığımlar 156 milyon 604 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 milyon 54 min manat və ya 4,3% azalma deməkdir. Xatırladaq ki, ötən ilin yanvar ayında sığorta yığımları 163 milyon 658 min manat olmuşdu.
Bunun əksinə olaraq, sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62 milyon 12 min manata yüksəlib. Başqa sözlə, son bir ildə ödənişlərin həcmi 14 milyon 389 min manat və ya 30,2% kimi kəskin şəkildə artıb. Ötən ilin müvafiq dövründə bu göstərici 47 milyon 623 min manat olmuşdu.
Nəticədə, yığımların azalması və ödənişlərin artması fonunda sığorta bazarının ümumi zərərlilik göstəricisi ötən ilin eyni dövründəki 29,1%-dən bu il 39,6%-ə yüksəlib.













