Azərbaycanda avtomobillərin icbari sığortası zamanı sığorta agentlərinə verilən qanunsuz komissiyalar araşdırılacaq. FED.az xəbər verir ki, bu məsələ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (ISB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşündə müzakirə edilib.
Görüşün ən əsas hissəsini sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınmasına dair müzakirələr təşkil edib. Birliyin sədri Mustafa Abbasbəyli vurğulayıb ki, bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri tərəfindən qeyri-qanuni endirimlərin qarşısı alınmalıdır.
Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və sığorta şirkətlərinin də nümayəndələrinin iştirakı ilə Birlik daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması qərara alındı. Bildirilib ki, qrup tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.