Bağlanan “Ata Bank” ASC-nin rəhbəri kimi çalışmış Dəyanət Quliyev “Ata Holding” MMC-nin törəmə maliyyə şirkətinin rəhbərliyinə gətirilir.
FED.az xəbər verir ki, “AtaSığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Dəyanət Quliyev Namiq oğlu Direktorlar Şurasının üzvü seçilib.
Direktorlar Şurası ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən orqandır.
D.Quliyev 2020-ci ilə qədər “Ata Bank” ASC-nin İdarə Heyətinin sədri olub. Bank bağlandıqdan sonra onun adı publik hər hansısa şirkətin rəhbərliyində yer almamışdı. O, 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.
2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunub.
2013-cü ildə Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olub.
2014- 2016-cı illərdə “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.
Bununla da “Ata Sığorta” ASC-nin Direktorlar Şurası üç üzvdən ibarətdir:
- Adıgözəl Ağayev Yahya oğlu
- Dəyanət Quliyev Namiq oğlu
- Zəfər Muxtarov Qərib oğlu
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur. (Banker.az)