“Qala Sığorta” şirkətinin Tovuz nümayəndəliyinin rəhbəri İlham Hüseynovun FED.az saytına müsahibəsi
İlham müəllim, özünüz haqqında məlumat verərdiniz.
- Tovuz rayonunun Qovlar şəhərində anadan olmuşam. Azərbaycan Texniki Universiteti bitirmişəm. Sığorta sahəsi üzrə istər yerli, istərsə də ölkə xaricində keçirilən bir çox seminarların iştirakçısı olmuşam. Hazırda “Qala Sığorta” şirkətinin Tovuz nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıram.
İlham müəllim, necə oldu ki sığorta sahəsini seçdiniz? Neçə ildir bu sahədə fəaliyyət göstərirsiniz?
- Sığorta fəaliyyəti ilə məşğul olmadığım dövrdə belə bu sahə mənim üçün maraqlı olub. 2009-cu ildə "Sığorta fəaliyyəti haqqında" qanunun tətbiqi ölkəımizdə bu sahə üzrə dövlət tənzimlənməsinin gücləndirilməsinə, onun inkişafına və əhali arasında sığortanın əhəmiyyəti barədə maarifləndirilmə işlərinin aparılmasına zəmin yaratdı. Düşünürəm ki, yuxarıda sadaladığım səbəblər mənim bu sahəyə olan marağımı daha da artırdı və peşəkar şəkildə sığorta fəaliyyəti ilə məşğul olmaq qərarını verdim.
İlk cəhddən sığorta fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazənin (lisenziyannın) alınması üzrə imtahandan müvəffəqiyyətlə keçdim. Təxminən 8 ilə yaxındır ki, sığorta fəaliyyəti ilə məşğulam.
Siz qərb regionunda ən məşhur və ən peşəkar sığortaçı kimi tanınırsınız. Bu sahə üzrə peşəkarlığınızın və məşhurluğunuzun sirri nədədir?
- Ümumiyyətlə, hər bir insan öz peşəsini sevməlidir, öz peşəsinə hörmət etməyi bacarmalıdır.
Fəaliyyətə başladığım ilk gündən öz işimə peşəkar yanaşmışam. Hər zaman dürüstlük və müştərilərimin məmnunluğunun təmin olunması məni bu regionda digərlərindən fərqləndirən əsas amillərdən oldu.
Əminlikə deyə bilərəm ki, çəkdiyim zəhmətin bəhrəsini artıq əldə etmişəm. Bu, illər ərzində yüksək səviyyədə xidmət göstərdiyim müştərilərin inam və etibarının nəticəsidir. Qazandığım uğuru qorumaq üçün bu gün də var gücümlə çalışıram.
Sadaladığım bu səbəblər məni regionun ən məşhur və peşəkar sığortaçısı kimi tanınmağıma zəmin yaratmışdır və nə qədər təvazökarlıqdan uzaq olsa da, bu bir faktdır ki, rayonumuzda sığorta sözü deyiləndə müştərilərin, insanların ilk yada düşündüyü mənim adımdır.
Bildiyimizə görə, sizi ölkədə fəaliyyət göstərən sığorta şirkətləri hələ də əməkdaşlığa dəvət edir. Necə oldu ki, şirkətlər arasında “Qala Sığorta”nı seçdiniz?
- Etiraf edim ki, fəaliyyət göstərdiyim bu illər ərzində ölkənin bir çox aparıcı sığorta şirkətlərindən əməkdaşlıqla bağlı təkliflər almışam. Bu təkliflər içərisində mənum üçün ən dəyərlisi “Qala Sığorta” şirkəti olub. Hamıya məlumdur ki, "Qala Sığorta" hazırda ölkənin ən aparıcı şirkətlərindən biridir. Məhz bu baxımda da mənə edilən təklifi yüksək dəyərləndirərək nəticədə "Qala Sığorta" şirkətinin Tovuz nümayəndəliyinin rəhbəri oldum.
Şirkətin digər sığortaçılardan fərqli missiyası var: Müştəri məmnuniyyəti daha yüksək səviyyəyə çatdılrmaq, onların bütün sığorta ehtiyaclarını qarşılanması, məsləhət vermək, eləcə də müştəriyə dəymiş zərərdən sonra onları zərərdən əvvəlki maliyyə vəziyyətinə qaytarmaqdır. Çox strateji və maraqlı missiyadır.
Bunlar sığorta fəaliyyəti müddətində mənim əməl etməyə çalışdığım əsas vəzifələrimdən olmuşdur. Missiyamızda olan uyğunluq, "Qala Sığorta"nın strateji hədəfləri və ölkənin aparıcı şirkətlərindən biri olması əməkdaşlıq üçün qərar verməyimdə əsas səbəblərdən oldu.
Bütün bunları nəzərə alaraq, bir daha qeyd edirəm ki, ölkəmizdə sığorta sektorunun, xüsusən də regionda inkişafına təkan vermək üçün bütün bilik və bacarığımı əsirgəməyəcəm. Ölkənin maliyyə sektorunun o cümlədən sığorta sahəsinin inkişafına bir az da olsa öz töhfəmi verəcəm. Bütün bu inkişaf çərçivəsində inanıram ki, "Qala Sığorta” bazrın lider sığorta şirkəti olacaq və birlikdə bir çox uğurlara nail olacağıq.
Regionda rəqabətlilik baxımından fəaliyyətinizə təsir göstərən sığorta şirkətləri olubmu?
- Sağlam rəqabətin olması inkişaf üçün çox böyük rol oynayır. Belə bir rəqabət hər zaman olub və bu gün də var. Danılmaz bir faktdır ki, məhz bu rəqabətlər bu günki peşəkar səviyyəyə çatmağımda əsas qüvvələrdən biri olub.
Fəaliyyətiniz dövründə ən çox və ən az sığorta hadisəsi hansı rayonda olub?
- Fəaliyyətim dövründə ən çoxu deyə bilməsəm də (etik nöqteyi nəzərindən), ən az sığorta hadisəsi (satış həcminə görə) olan rayonlardan biri və ya bəlkə də birincisi Tovuz rayonudur.
Sizin üçün ən maraqlı sığorta hadisəsi hansı olub?
- Regionlarda insanların sığorta üzrə savadlılığının nisbətən zəif olması və bu insanların daha saf və səmimiyyəti səbəbindən fəaliyyətim dövründə bir çox maraqlı hadisələrlə rastlaşmışam və hər bir hadisəyə xüsusi diqqətlə yanaşmışam.
İlham müəllim müsahibə üçün təşəkkür edirik .
- Çox sağ olun. Məndə öz növbəmdə FED.az komandasına davamlı uğurlar arzulayıram.
Regionun ən məşhur və peşəkar sığortaçısı - İLHAM HÜSEYNOVLA MÜSAHİBƏ
12:57
5 İyul 2018