"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektoru üzrə risk qiymətləndirməsini (“Sığorta Sənayesi və Ölkə Risk Qiymətləndirmələri”- IICRA) növbəti dəfə dəyişməz saxlayıb.
Sığorta şirkətlərinin ən çox qazandıqları - SIĞORTA NÖVLƏRİ - SİYAHI
FED.az xəbər verir ki, "S&P" sonuncu dəfə 2022-ci ilin aprel ayında yayımlanan hesabatda Azərbaycanın əmlak və qeyri-həyat sığortası (P/C) sektoru üzrə risk qiymətləndirməsi aparıb. Burada ölkə riski "Yüksək", sektor üzrə risk "Orta səviyyədən yüksək", ümumi IICRA qiymətləndirməsi "Yüksək" olaraq müəyyən edilib. Başqa sözlə, Azərbaycanın sığorta sektoru 1-dən 6-ya qədər olan qiymətləndirmə üzrə 5-ci pillədə yer alıb. Bu qiymətləndirmələr Azərbaycanın makroiqtisadi sabitliyindəki çağırışlar, yüksək riskli aktivlərə məruz qalma və məhdud sığorta məhsulları kimi amillərlə əlaqələndirilir.
Qeyd edək ki, "S&P"-nin IICRA qiymətləndirməsi 47 ölkədən 96 sığorta sektoru və 4 qlobal sektor üzrə risk qiymətləndirmələrini əhatə edir. IICRA sığorta şirkətlərinin qarşılaşdığı riskləri iki əsas kateqoriyada təhlil edir. Ölkə riski makroiqtisadi sabitlik, siyasi risklər, hüquqi və tənzimləyici mühit, valyuta sabitliyi və kapital bazarlarının inkişaf səviyyəsi kimi amilləri əhatə edir. Sənaye riski isə sığorta sektorunun mənfəətliliyi, rəqabət səviyyəsi, məhsul riskləri, bazar böyümə perspektivləri və institusional çərçivə kimi faktorları qiymətləndirir. (Apa)