PAŞA Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov artıq sabahdan etibarən "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edəcək.
FED.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın saatlarda Azərbaycan Mərkəzi Bankı tərəfindən təyinatla bağlı müvafiq icazənin veriləcəyi gözlənilir.
Qeyd edək ki, Niyaz İsmayılov 2017-ci ilin fevral ayından “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, daha əvvəl həmin şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsində olub. O, ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub. Daha sonra təhsili ABŞ-da davam etdirib.
O, peşəkar iş təcrübəsinə anderraytinq üzrə mütəxəssis vəzifəsindən başlayıb. 2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib. 2009-2010-cu illərdə həmin şirkətdə təkrarsığorta üzrə müdir, daha sonra anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib. N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub. 2017-ci il 28 fevral tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.