İcbari Sığorta Bürosu, həm də qarantiya fondu olaraq fəaliyyət göstərir. Əgər bir yol-nəqliyyat hadisəsi baş veribsə, hadisəyə səbəb olan sürücünün üçüncü şəxslər qarşısında məsuliyyət sığortası, yəni icbari avtomobil sığortası yoxdursa, bu halda Büro kompensasiya ödənişi həyata keçirməyə məcburdur. Bu, 2011-ci ildən İcbari Sığorta Bürosu tərəfindən həyata keçirilir. Bu çərçivədə milyonlarla ödəniş verilir.
"Təkrarsığorta mexanizmi düzgün işləmirsə, bu dövlət üzərində ciddi bir maliyyə yükü əmələ gətirər"
FED.az xəbər verir ki, bu sözləri müsahibəsində İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov söyləyib.
O deyib: “Minlərlə vətəndaşımız vəfat edən şəxslərin vərəsələri kimi icbari sığorta tərəfindən kompensasiya ödənişi alır. Lakin bu illər ərzində muxtar respublika vətəndaşlarının ödənişi almadığının şahidi oluruq. Bu da onu göstərir ki, muxtar respublikada buna bənzər baş vermiş hadisələrlə bağlı İcbari Sığorta Bürosuna hər hansı müraciət olunmayıb. Lakin Naxçıvanda keçirilən bugünkü forumda da qeyd olundu ki, artıq Naxçıvan Muxtar Respublikasında onlarla sığorta şirkətinin nümayəndəlikləri var və istənilən sığorta şirkətinin nümayəndəliyinə müraciət edərək ölüm və yaxud bədən xəsarətlərinə dair 2010-cu ildən bəri baş vermiş hadisələrlə bağlı müraciət əsasında kompensasiya ödənişlərinin edilməsi mümkündür”.
Rəşad Əhmədov vurğulayıb ki, büroya daxil olan şikayətlərin 80 faizi icbari avtomobil sıgortası ilə bağlıdır. Bu baxımdan ötən il vətəndaşlara təqribən 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da ümumilikdə 75-80 milyon manata yaxın sığorta ödənişlərinin həyata keçirilməsi deməkdir. (Azərtac)