Sığorta sektoru hazırda iqtisadiyyatın ən dinamik sürətlə böyüyən sahəsidir. Son 4 ildə sektor 2 dəfə böyüyüb.
Ziya Əliyev: "10 sığorta şirkətinin mobil tətbiqi yoxdur"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.
O bildirib ki, ötən il sığorta haqlarının həcmi rekord səviyyədə artaraq 1,2 milyard manatı ötüb. Hesabat dövründə sığortalanmış predmetlərin sayı 7 milyon 300 minə yaxın olub. Hazırda sığorta sektorunun aktivlərinin həcmi 2 milyard manata çatıb. Sektorun sərmayə bazarlarına yatırdığı investisiyaların həcmi isə 1 milyard manatı ötmüşdür.
"Ötən il 600 milyon manata yaxın sığorta ödənişi olub. Bu da sektorun əhalinin və biznesin zərərlərinin kompensasiyasında mühüm rol oynamağa başladığını göstərir. Sığorta təminatı verilən risklərin həcmi yarım trilyon manatı ötüb ki, bu da ÜDM-in dörd qatından çoxdur. Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi hər zaman diqqətimizdədir” - deyə baş direktor əlavə edib.
Onun sözlərinə görə, daşınmaz əmlak sığortası icbari qaydada tətbiq edilir, hazırda AMB xarici təcrübələrə əsaslanaraq sığorta sektoru ilə birgə ciddi müzakirələr aparır.
"Əhalinin və iş adamlarının sığorta fərqindəliyinin genişləndirilməsi üçün 4-cü ildir ki, geniş maarifləndirmə tədbirləri görürük. Sığortaçılar və banklarla intensiv çalışırıq. Ən vacib layihələrdən biri sığorta sektorunun rolunun gücləndirilməsidir. Bildiyiniz kimi, təbii fəlakətlər ölkəmiz üçün çox böyük zərərlər gətirir. Mərkəzi Bank tərəfindən sığortaçılar üçün yeni tələblər müəyyən edilib." - deyə Ziya Əliyev vurğulayıb.
Onun sözlərinə görə, son 15 ildə böyük həcmli zərərlərə səbəb olan 3 hadisə baş verib. Kür, Araz çayının daşması, Zaqatalada zəlzələ, Şamaxıda baş verən zəlzələ. Bu fəlakətlər baş verdiyi üçün əhali 1 milyard manata yaxın zərər ilə qarşılaşıb və bu zərəri dövlət əhaliyə ödəyib.