2021-ci ildən icbari tibbi sığorta bütün ölkəni əhatə edən bir sığorta növü oldu. Məqsəd əhalinin üzərinə nə qədər böyük maliyyə yükü düşürsə, onu sığorta ilə həyata keçirməkdir.
"İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır, qanunvericilikdə dəyişikliklər ediləcək"
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O bildirib ki, sığortadan öncə dövlətin tibbə ayırdığı vəsait 750 milyon manat idi, bu gün təkcə bizim fondumuz 3 milyard manata yaxınlaşır. Bu o deməkdir ki, biz əhalinin xərclərini öz üstümüzə götürürük. Biz il-il baxsaq, bizim fond hər il böyüyür, böyümə 10% olur. Qarşıda bizim böyük hədəflərimiz var.
"Onkologiya sahəsi böyük xərc tələb edən sahədir, bununla bağlı danışıqlar gedir, bu sahədə də həll yolları tapacağıq" deyə sədr vurğulayıb.
"İmkanlı şəxslər, istər xaricə gedə bilər, istər özəl xəstəxanalara, amma bir çox insanın imkanı olmaya bilər, biz sırf bu imkanı olmayan şəxslərə kömək edirik. Əhali gələndə tibb müəssisələrinə deyir ki, mənim sığortam var. Bu bir maarifləndirmədir. Biz Sığorta Assosiasiyası ilə də danışıqlar aparırıq" - deyə Zaur Əliyev qeyd edib.