“Meqa Sığorta” ASC 2023-cü ilin I yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü ilin I yarım illiyi üzrə təqdim olunan bütün sığorta məhsulları üzrə ümumilikdə 15,89 milyon manat sığorta haqqı toplanılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9% çoxdur. 2022-cü ilin I yarım illiyi üzrə ümumi sığorta haqqları 10,82 milyon manat təşkil edirdi.
2023-cü ilin I yarısında şirkət baş vermiş sığorta hadisələri üzrə öz müştərilərinə ümumilikdə 4,17 milyon manat sığorta ödənişi etmişdir. 2022-ci ilin müvafiq dövründə bu göstərici 3,05 milyon manat təşkil edirdi.
Müxtəlif investisiya alətlərinə yatırım etməklə “Meqa Sığorta” ASC investisiya gəlirlərini 2023-cü ilin I yarısı üzrə 893,11 min manata çatdırıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,8% artım deməkdir. Şirkətin 2022-ci ilin I yarım illiyi üzrə ümumi investisiya gəlirləri 643,58 min manat idi.
1 iyul 2023-cü il tarixinə şirkətin cəmi aktivləri 46,15 milyon manata, məcmu kapitalı isə 17,52 milyon manata yüksəlib.
2010-cu ildən fəaliyyət göstərən “Meqa Sığorta” ASC hüquqi və fiziki şəxslərə 32 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidməti göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online internet platforması ilə müştərilərin xidmətindədir.