Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti 2024-cü il üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il ərzində ümumilikdə şirkətin peşəkar satış komandası tərəfindən 11 milyon 640 min manat həcmində sığorta haqqı toplanılıb ki, bu da əvvəlki ilin yekun yığım göstəriciləri ilə müqayisədə
6 milyon 783 min manat və ya başqa sözlə 2,4 dəfə çox olub.
Əvvəlki ilin eyni dövründə “Meqa Həyat Sığorta” ASC-nin yığımları 4 milyon 857 min manat olub.
Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta” şirkəti yığımların artım dinamikasına görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında liderlik mövqeyi nümayiş etdirib.
Hesabat dövründə şirkət müştərilərinə 1 milyon 28 min manat sığorta ödənişi edib. Ötən ilin yanvar-dekabr aylarında sığorta ödənişləri cəmi 15 min manat olub. Şirkətin ödənişlərində illik müqayisədə 68,5 dəfə və ya 1 milyon 13 min manat artım qeydə alınıb.
“Meqa Həyat Sığorta” şirkətinin ötən ilin nəticələrinə görə zərərliliyi cəmi 9% olub.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.