Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti 2025-ci ilin yanvar ayı üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, cari ilin yanvar ayında ümumilikdə şirkətin peşəkar satış komandası tərəfindən 1 milyon 366 min manat həcmində sığorta haqqı toplanılıb ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 765 min manat və ya başqa sözlə 2,3 dəfə çox olub.
Əvvəlki ilin eyni dövründə “Meqa Həyat Sığorta” ASC-nin yığımları 601 min manat olub.
Hesabat dövründə şirkət müştərilərinə 22 min manat sığorta ödənişi edib. Ötən ilin yanvarında isə 30 min manat sığorta ödənişi edilmişdi.
“Meqa Həyat Sığorta” şirkətinin ötən ilin nəticələrinə görə zərərliliyi cəmi 1,6% olub.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.