Azərbaycanda aktivlərin həcminə görə 5-ci ən kiçik sığorta şirkəti olan «Günay Sığorta» 2021-ci ili zərərlə başa vurub.
FED.az xəbər verir ki, şirkətin ötən il üzrə açıqladığı hesabata əsasən 2021-ci ildə «Günay Sığorta»nın gəlirləri 1,2 milyon manat və ya 12%-ə yaxın artaraq 10 milyon 378 min manat təşkil edib. Ötən il bu məbləğ 9 milyon 254 min manat idi. Artım əsasən toplanan sığorta haqlarının (700 min manat) və sairgəlirlərin (700 min manat) hesabına başa verib. Şirkətin investisiya gəlirləri azalsa da (170 min manata yaxın) bu ümumi gəlir artımına təsir etməyib.
Bununla yanaşı, 2021-ci ildə «Günay sığorta»nın xərcləri də böyüyüb. Ötən il şirkətin xərcləri 2,8 milyon manat və ya 32% artaraq 8,7 milyondan 11,5 milyon manata yüksəlib.
Xəclərin artımının yadnız 1 milyonu işlərin aparılması, yəni inzibati və əmək haqqı xərclərinin hesabınadır - 4,8 milyondan 5,8 milyon manata yüksəlib. Artımın digər hissəsi sığorta ödənişlərinin və geri qaytarılan sığorta haqlarının payına düşüb. «Günay Sığorta» 2020-ci ildə cəmi 2,4 milyon manat ödəniş etmişdisə, 2021-ci ildə bu məbləğ 4,1 milyona yüksəlib.
Geri qaytarılan sığorta haqları isə 2020-ci ildəki 200 min manatdan 2021-ci ildə 840 min manat yüksəlib.
Nəticədə şirkətin gəlirləri xərcini ödəyə bilməyib və «Günay Sığorta» 2021-ci ili 1 milyon 125 min manat zərərlə başa vurub. Halbuki, 2020-ci ili şirkət 325 min manat mənfəətlə bağlamışdı.
2021-ci ildə «Günay Sığorta»nın aktivləri təqribən 1,5 milyon manat və ya 9,2% artaraq 14,9 milyon manatdan 16,4 milyon manata yüksəlib.
Aktivlərin artımı qısamüddətli aktiılərin hesabına olub (2,3 milyon manat artım), uzunmüddətli aktivlər isə təqribən 900 min manat azalıb. Uzunmüddətli aktivlərin azalmasının səbəbi «Günay Sığorta»nın dövlət istiqrazlarına yatırımlarını 2,7 milyon manatdan 1,4 milyon manata endirməsidir.
Qısamüddətli aktivlər isə pul vəsaitlərinin, xüsusilə də depozit hesabındakı vəsaitlərin hesabına artıb.
İlin yekunlarına görə, «Günay sığorta»nın kapitalı təqribən 700 min manat artaraq 8,2 milyon manatdan 8,9 milyon manata yüksəlib. Zərərlə işləməsinə baxmayaraq kapitalın artmasının səbəbi – səhmdarların şirkətiə əlavə 500 min manat yatırması və 1,3 milyon manatlıq kapital ehtiyatları ilə bağlılır.