Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Günay Sığorta” ASC ötən ilin nəticələri üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ili şirkət 325 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2019-cu ilə nisbətdə 54,9% və yaxud 2,2 dəfə azdır.
Hesabat dövründə “Günay Sığorta”nın məcmu gəlirləri 34,9% artaraq 9,254 milyon manat, cəmi xərcləri isə 46,5% artaraq 8,73 milyon manat təşkil edib. şirkətin mənfəət vergisi üzrə ödəmələri isə 8% artaraq 199 min manat olub.
Cari ilin yanvar ayının 1-nə “Günay Sığorta”nın aktivləri 14,965 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,5% artaraq 6,769 milyon manata çatıb, balans kapitalı isə 4,8% azalaraq 8,197 milyon manata düşüb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,2 milyon manatdır. Şirkətin səhmləri Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.