Fərid Qarayev AZSIĞORTA-nın Maliyyə direktoru vəzifəsinə təyin edilib. O, peşəkar karyerasına məhz AZSIĞORTA-da mühasib vəzifəsində başlayıb. Sonrakı illərdə Baş iqtisadçı, Büdcə və maliyyə təhlili şöbəsinin müdiri, Hesabatlıq üzrə menecer vəzifələrində çalışıb.
Eləcə də bax: "Azsığorta"nın İdarə Heyətinə - Yeni Təyinatlar Olub
FED.az xəbər verir ki, yeni təyinatla bağlı İdarə Heyətinin sədri Yusif Soltanov fikirlərini bölüşüb:
“Çox sevindirici haldır ki, bu yaxınlarda baş verən İdarə Heyətinin üzvlərinin təyinatlarında olduğu kimi, bu yüksək vəzifəyə də şirkət daxilində yetişən loyal və peşəkar kadr təyin edilib. Hesab edirəm ki, sağlam şirkət qurmaq üçün daxildə olan insan resurslarını düzgün dəyərləndirmək lazımdır. Bir daha fürsətdən istifadə edib, Fərid bəyə fəaliyyətində yeni uğurlar arzulamaq istəyirəm.”
Qeyd edək ki, Fərid Qarayev Beynəlxalq İqtisadi Münasibətlər üzrə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pillələrini fərqlənmə ilə bitirib. O, 2012-ci ildən AZSIĞORTA-da çalışır.