Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan “Azsığorta” ASC 2020-ci il üzrə yekun maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "AzSığorta" ötən ili 1,857 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2019-cu ilə müqayisədə 2,4 dəfə çoxdur.
Hesabata əsasən, ötən il “Azsığorta”nın məcmu gəlirləri 14,6% artaraq 21,98 milyon manat, cəmi xərcləri isə 7,9% artaraq 19,658 milyon manata çatıb. Bununla yanaşı, şirkətin mənfəət vergisi üzrə ödəmələri 2,4 dəfə artaraq 464 min manat təşkil edib.
Cari ilin yanvar ayının 1-nə “Azsığorta”nın aktivləri 64,246 milyon manat olub ki, bu da ilin əvvələ nisbətən 10,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 34,1% artaraq 31,086 milyon manata çatıb, balans kapitalı isə 33,16 milyon manat təşkil edib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.