Ölkənin iri və aparıcı sığorta şirkətlərindən olan "Azərsığorta" şirkəti müştərilər üçün sığorta ödənişlərinin verilməsi prosesini daha asanlaşdırıb. Artıq bundan sonra "Azərsığorta" şirkəti tərəfindən müştərilərə ödənilən bütün sığorta ödənişləri debet kartla daha rahat şəkildə həyata keçiriləcək.
FED.az xəbər verir ki, müştəri sığorta hadisəsi baş verdikdən sonra “Azərsığorta”ya yaxınlaşmaqla həmin kartı yerində və qısa zaman ərzində əldə edir.
Kart müştərilərin istifadəsinə bir il müddətinə verilir və bu müddət ərzində baş verə biləcək bütün sığorta hadisələrinin ödənişləri bu kart vasitəsilə ediləcək. Həmçinin, "Kapitalbank"a məxsus ATM və filiallarda kartdan nağdlaşdırma əməliyyatlarını icra etmək mümkün olacaq.
Qeyd edək ki, kart yalnız sığorta ödənişlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Nağdlaşdırma zamanı kart sahibindən 0.3% (minimum 1 AZN) olmaqla komissiya haqqı tutulacaq.