Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «Azərbaycan Sənaye Sığorta» bu ilin ilk ayında 3 milyon 481 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Əvvəlki ilin sonu ilə müqayisədə sığorta şirkətinin yığımları 805 min manat və ya 30,1% artıb.
«Azərbaycan Sənaye Sığorta» 2023-cü ilin yanvar ayında 2 milyon 677 min manat sığorta haqqı toplamışdı.
Şirkət sığorta şirkətləri arasında yığımların həcminə görə 7-ci, artım dinamikasına görə 4-cü yerdə olub.
«Azərbaycan Sənaye Sığorta»nın ödənişləri hesabat dövründə 404 min manat təşkil edib.
Qeyd edək ki, "Azərbaycan Sənaye Sığorta" şirkəti ölkənin sığorta tarixində ən iri sığorta ödənişi edən şirkət kimi tanınır.
Belə ki, 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə aid ərazidə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nın əmlak və mallarına ciddi ziyan dəymişdir. “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 000 000 manat civarında ödəniş həyata keçirilmişdir. Bu miqyasda ödəniş Azərbaycan sığorta tarixində bir ilkdir və rekord ödəniş sayılır.
1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 000 000 manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə təsisçi, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlara üzv olan “Azərbaycan Sənaye Sığorta” ASC fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.