"Atəşgah" Sığorta Qrupunun təşəbbüsü ilə 10 avqust tarixində Şuşa şəhərinə tur təşkil edildi.
FED.az xəbər verir ki, Şuşanı seyr etməyə gələn ziyarətçilər sırasında "Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev, habelə şirkətin digər rəsmi şəxsləri də iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılara Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidi, güllələnmiş heykəllər, Şuşa qalası kimi tarixi abidələrlə tanışlıq imkanı yaradılıb. Eyni zamanda uzun illər düşmən tapdağı altında olan Xankəndi şəhərini ziyarət edən tur iştirakçıları böyük fəxarət hissi ilə bu yerləri seyr ediblər.
Əvəzedilməz hisslərlə yadda qalan səfər zamanı xatirə şəkilləri çəkdirildi, vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda cəsarətlə mübarizə aparan, bu yolda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edildi.Bir vaxtlar müharibə nəticəsində düşmən tərəfindən dağıdılmış yerlərin indi abadlaşdığını və əvvəlki vəziyyətinə geri dönməsini görmək son dərəcə qürurverici idi!