“Atəşgah” Sığorta Şirkəti yeni tədris ilinin başlanması ilə əlaqədar korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirib.
FED.az xəbər verir ki, şirkət İsmayıllı rayonunun Lahıc kəndində təşkil etdiyi tədbir zamanı 30 aztəminatlı ailənin məktəbyaşlı övladlarına məktəb ləvazimatları və gündəlik qida məhsulları təqdim edib.
Layihənin əsas məqsədi maddi yardıma ehtiyacı olan ailələrin uşaqlarının təhsilə daha fəal inteqrasiyasına şərait yaratmaq və onların təhsil prosesində davamlı iştirakını təmin etməkdir. Yeni dərs ili ərəfəsində həyata keçirilən bu təşəbbüs uşaqlar arasında xüsusi sevinc yaradaraq onların təhsilə olan marağını və motivasiyasını artırmışdır.
Tədbir yerli sakinlər tərəfindən də böyük rəğbətlə qarşılanmış, insanların sosial layihələrə olan inamını və dəstəyini daha da artırmışdır.
“Atəşgah” Sığorta gələcəkdə də bu kimi sosial təşəbbüslərlə ehtiyacı olan ailələrə dəstək göstərməyi, gənc nəslin bilik əldə etməsi üçün əlverişli imkanlar yaratmağı və ümumilikdə cəmiyyətin rifahına töhfə verməyi qarşısına məqsəd qoymuşdur.