2025-ci ilin ilk 9 ayında Azərbaycanda qiymətli kağızlar bazarında bağlanmış əqdlərin ümumi məbləği 51 milyard 339,1 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 milyard manata yaxın (34,5%) artım deməkdir, lakin bağlanmış əqdlərin ümumi sayı 61 mindən 23,6 minə enib.
Bazarın əsas seqmentləri üzrə fərqli dinamikalar müşahidə olunub. İlkin bazarın ümumi həcmi ötən ilin 9 ayına nəzərən 313,4 milyon manat (5,2%) azalaraq 5,7 milyard manata, təkrar bazarın həcmi isə 13,5 milyard manat (41,9%) artaraq 45,6 milyard manata çatıb.
Repo və Əks-repo Əməliyyatları Bazarın Lokomotividir
Bazarın ən böyük seqmenti olan repo/əks-repo əməliyyatlarının həcmi illik müqayisədə 10,2 milyard manat (34,0%) artaraq 40,3 milyard manata çatıb. Bu artımın fonunda əqdlərin sayı 6,6 mindən 5,1 minə enib.
Artımın əsas hərəkətverici qüvvəsi dövlət istiqrazları ilə repo əməliyyatları olub. Bu əməliyyatların həcmi 10,3 milyard manat (58,1%) artaraq 27,9 milyard manata çatıb.
Korporativ qiymətli kağızlarla repo əməliyyatları da 852,7 milyon manat (7,7%) artaraq 11,9 milyard manat təşkil edib.
Mərkzi Bankın notları ilə repo əməliyyatları isə kəskin azalaraq 1,4 milyard manatdan 540,6 milyon manata enib.
Dövlət qiymətli kağızları bazarı kəskin böyüyüb
Ən böyük nisbi artım tempi dövlət qiymətli kağızları bazarında qeydə alınıb. Bu bazarın həcmi 3,4 milyard manat (64,9%) artaraq 8,7 milyard manat təşkil edib, əqdlərin sayı isə 2,2 dəfə azalaraq 973 ədəd olub.
Bu artım tamamilə dövlət istiqrazlarının təkrar bazarının hesabına baş verib – bu bazarda dövriyyə 5,8 dəfə artaraq 749,9 milyon manatdan 4,3 milyard manata çatıb. İlkin bazarda isə əksinə, 599,1 milyon manat (18,2%) artımla 3,1 milyard manatlıq əməliyyat həyata keçirilib.
Mərkəzi Bankın notları bazarı isə həm ilkin (495,5 milyon manat azalma), həm də təkrar (278,3 milyon manat azalma) bazarlarda kəskin kiçilərək ümumilikdə 773,8 milyon manat (39,0%) azalaraq 1,2 milyard manata enib.
Korporativ qiymətli kağızlar bazarı kiçilib
Digər seqmentlərdən fərqli olaraq, korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında (52 mindən 17,5 minə), həm də həcmində azalma müşahidə olunub. Bu bazarın həcmi illik müqayisədə 468,3 milyon manat (16,6%) azalaraq 2,3 milyard manata enib.
Səhm bazarında əqdlərin sayı kəskin (51 mindən 13,5 minə) azalsa da, dövriyyə həcmi 28,6 milyon manat (11,1%) artaraq 286,0 milyon manata çatıb. Artım tamamilə ilkin bazarın 65,5 milyon manat (51,8%) böyüməsi hesabına baş verib, təkrar bazar isə 37 milyon manat (28,3%) kiçilib.
Korporativ istiqrazlar bazarının həcmi isə 496,9 milyon manat (19,4%) kiçilərək 2,1 milyard manata enib. Azalma əsasən manatla olan ilkin bazarın 509,5 milyon manat (39,4%) kiçilməsi ilə bağlıdır. Buna baxmayaraq, xarici valyutada olan ilkin bazar 27,3 milyon manat (7%) artıb. Təkrar bazarda isə manatla olan dövriyyə 81,7 milyon manat (14%) artsa da, xarici valyutada olan dövriyyə 96,4 milyon manat (33,1%) azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında qiymətli kağızlar bazarının ümumi həcmi 38 milyard 165,7 milyon manat, bağlanmış əqdlərin sayı isə 61 min 40 ədəd təşkil edib.














