Təqribən bir ay əvvəl işıqforun qırmızı işığında keçərək qəza törədən «Chevrolet Camaro» avtomobili və ona sığorta ödənişi ilə bağlı mübahisə davam edir. Xatırladaq ki, avtomobil sahibi hadisəyə görə, sığortasısı olan «Kasko Butik»dən sığorta ödənişi tələb edir, şirkət isə hadisənin qəsdən törədildiyini əsas gətirərək ödəniş etməyib.
Avtomobilin sahibi İbrahim Həmidov FED.az-a bildirib ki, hazırda bütün sənədlər toplanıb və avqustun 9-da məhkəməyə müraciət ediləcək. Qeyd edək ki, «Kasko Butik»in imtina qərarının səbəblərindən biri qırmızı işıqda qəsdən keçilməsi və hadisənin qəsdən törədilməsidir.
Hadisəni qəsdən tpörətmədiyini sübut etmək üçün Həmid İbrahimov Dövlət Yol Polislərinin verdiyi aktdan narazı olaraq məhkəməyə müraciət edib və qalib gəlib. «Camaro» sahibinin sözlərinə görə, Yol Polisinin işçiləri məhkəməyə gələrək bildiriblər ki, bu hadisə qəsdən törədilməyib və bu inzibati xətadır.
Sığorta mütəxəssisi Ceyhun Əsgərov FED.az-a bildirib ki, qanunvericiliyə görə, hadisənin qəsdən törədilməsinin hesab edilməsi üçün sürücü ya uyuşdurucu, ya da spirtli içki qəbul etmiş olmalıdır. C.Əsgərovun sözlərinə görə məhkəməni uduzacağı təqdirdə «Kasko Butik»i böyük cərimə gözləyir: «Kasko Butik» gecikdirdiyi hər günə görə dəbbə pulu verməli olacaq. Misal olaraq məhkəmə bir il davam etsə 5500 manata görə «Kasko Butik»in əlavə ödənişi 2500 manata çatacaq»»–deyə Ceyhun Əsgərov bildirib.
Qırmızı işıqda keçən «Camaro»nun işi böyüyür – SIĞORTA MÜBAHİSƏSİ
14:06
5 Avq 2019